Şənbə günü axşam Vaşinqtonda, Ağ Evin yaxınlığında atışma baş verib, bundan sonra ABŞ Məxfi Xidməti jurnalistləri müvəqqəti olaraq təxliyə edib və təhlükəsizlik tədbirlərini gücləndirib.
"CNN"in məlumatına görə, Məxfi Xidmət Ağ Ev kompleksinin yaxınlığında yerləşən XVII küçə ilə Pensilvaniya prospektinin kəsişməsində atışma barədə məlumatları araşdırıb. Hadisədən sonra Ağ Evdə silahlı agentlər aşkar edilib və mətbuat brifinqi otağı müvəqqəti olaraq bağlanıb.
"DC News Now" müxbiri Kris Flanaqan ABŞ Prezidenti Donald Trampın hadisə zamanı Ağ Evdə olduğunu bildirib.
Daha sonra "PBS" öz müxbiri Liz Landerə istinadən prezidentin xəsarət almadığını və sağ-salamat olduğunu yayımlayıb.
"Fox News"un məlumatına görə, Ağ Evdəki insident həll edilib və silahlı şəxs zərərsizləşdirilib. Kanal qeyd edib ki, o, prezident iqamətgahının təhlükəsiz ərazisinə daxil ola bilməyib və yalnız onun perimetrinə yaxınlaşıb.
Atışmada iki nəfərin - şübhəli silahlı və çox güman ki, ətrafda olan bir nəfərin yaralandığı bildirilir.
Federal Təhqiqat Bürosunun direktoru Keş Patel bildirib ki, FTB əməkdaşları hadisə yerinə gəlib və Məxfi Xidmətə dəstək veriblər.
"CNN" Gizli Xidmət sözçüsünə istinadən məlumat yayıb ki, Ağ Evin yoxlama məntəqəsi yaxınlığında atəş açan şübhəli şəxs ABŞ Gizli Xidmət əməkdaşlarının cavab atəşindən sonra xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
ABŞ prezidenti Donald Tramp və digər qorunan şəxslər Ağ Ev yaxınlığında baş verən atışmada xəsarət almayıblar.Bu barədə ABŞ Məxfi Xidmətinin açıqlamasında bildirilib.
"Agentlər arasında itki olmayıb. Hadisə baş verən zaman prezident Ağ Evdə idi və bu, qorunan şəxslərə və ya aparılan əməliyyatlara təsir etməyib", - sənəddə deyilir.
Bəyanatda qeyd olunub ki, hücumçu 17-ci küçə və Şimal-Qərb Pensilvaniya prospektindən yaxınlaşıb (bu atışma yerindən Ağ Ev ərazisinə qədər olan məsafə təxminən 150 metrdir – Qeyd), silah çıxarıb və atəş açmağa başlayıb. Məxfi Xidmət agentləri cavab atəşi açaraq hücumçunu yaralayıblar.
Daha sonra o, yaxınlıqdakı xəstəxanaya aparılıb və həkimlər onun öldüyünü bildiriblər. Agentlik atışmada bir nəfərin yaralandığını bildirib, lakin onun vəziyyəti barədə ətraflı məlumat verməyib.
Qeyd edək ki, Federal Təhqiqatlar Bürosunun əməkdaşları hadisə yerində araşdırma aparırlar.
"New York Post" məlumat yayıb ki, hadisəni törədən 21 yaşlı Nasire Bestdir./Report