Sentyabrın 10-dan paytaxt Bakının beynəlxalq aeroportunda taksi xidmətinə xüsusi tarif siyasəti tətbiq edilib. Hava limanından paytaxta taksi sifarişlərinə məhdudiyyət qoyulub. Bəziləri bunu Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) idarəetməsində olan iki dövlət şirkətinin – “Azərbaycan Hava Yolları”nın (AZAL) və “Bakı Taksi Xidməti” MMC-nin razılığa gələrək aeroport ərazisində monopoliya yaratması kimi qiymətləndirir.
Məsələ geniş müzakirələrə gətirib və Ombudsman Aparatı sentyabrın sonlarına yaxın Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə müraciət edib. Müraciətdə qeyd olunub ki, yeni qaydalar qiymətlərin süni artımına, sərnişinlərin seçim imkanlarının məhdudlaşdırılmasına, lisenziyalı taksi xidmətləri göstərən şəxslərə bərabər imkanların yaradılmamasına, sürücülərin iqtisadi itkilərlə üzləşməsinə və sosial narazılıqların yaranmasına səbəb olur. Ombudsman Aparatının qənaətinə görə, tətbiq edilən yeni tarif siyasəti Azərbaycan Konstitusiyasının 25-ci maddəsinin (Bərabərlik hüququ) və 59 maddəsinin (Azad sahibkarlıq hüququ), habelə Rəqabət Məcəlləsinin müddəalarına uyğun gəlmir.
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi sentyabr ayında mediaya açıqlamasında vurğulamışdı ki, aidiyyəti bazar subyektləri ilə görüşlər keçirilir, müzakirələr aparılır.
Hazırda hansı nəticələr var? Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi bu məsələ ilə bağlı nə qərara gəlib?

Medianews.az bu suallarla Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə sorğu göndərsə də, hələ cavab almayıb. Agentliyin Ombudsman Aparatının sorğusunu cavablandırdığı haqda da məlumat yoxdur. Beləliklə, istər bir sıra vətəndaşların, istərsə də Ombudsman Aparatının narahatlığına səbəb olan məsələnin nə yerdə qaldığı bəlli deyil.
Əsasnaməsinə görə, Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi o cümlədən istehlakçıların hüquqlarının müdafiəsi və istehlak bazarına nəzarət sahələrində dövlət siyasətini və tənzimləməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.