ABŞ-nin müdafiə naziri Pit Heqsetin rəhbərliyi dövründə Pentaqonun (ABŞ Müdafiə Nazirliyinin Virciniya ştatındakı qərargah binası) maliyyə ilinin son ayında etdiyi xərclər müzakirələrə səbəb olub.
Medianews.az xəbər verir ki, bununla bağlı dövlət xərclərini araşdıran “Open the Books” təşkilatı hesabat hazırlayıb.
Hesabatına görə, Müdafiə Nazirliyi 2025-ci ilin sentyabrında qrant və müqavilələr çərçivəsində ümumilikdə 93,4 milyard dollar xərcləyib. Bu göstərici federal qurumlar arasında bir ay ərzində qeydə alınan ən yüksək xərclərdən biri kimi qeyd olunub.
Hesabatda diqqət çəkən məqamlardan biri də bahalı qida məhsullarına ayrılan vəsaitdir. Bildirilir ki, Pentaqon yalnız sentyabr ayında 2 milyon dollarlıq Alyaska kral xərçəngi, 6,9 milyon dollarlıq lobster quyruğu və 15,1 milyon dollarlıq antrikot biftek alıb. Ümumilikdə qida xərclərinin 20 milyon dollardan çox olduğu qeyd edilir.
Araşdırmaya görə, sentyabr ayındakı xərclərin 50,1 milyard dolları maliyyə ilinin son beş iş günündə həyata keçirilib. Bu məbləğə şəxsi heyətin maaşları deyil, əsasən xarici qurumlara verilən qrantlar və bağlanan müqavilələr daxildir.
Hesabatda bəzi digər alışların da tənqidə səbəb olduğu bildirilir. Məlumata görə, Hərbi Hava Qüvvələri Qərargah rəisinin iqamətgahı üçün pianoya təxminən 100 min dollar, Apple cihazlarının alınmasına isə 5,3 milyon dollar xərclənib. Bundan başqa, mebel üçün ayrılan ümumi büdcə 225,6 milyon dollar təşkil edib və alışlar arasında yüksək seqmentli kreslolar da yer alıb.
“Open the Books” təşkilatı hesabatında ABŞ Konqresini büdcə sistemində dəyişikliklər etməyə çağırıb. Pentaqon isə məsələ ilə bağlı hələlik rəsmi açıqlama verməyib.
Medianews.az