Müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqənin ödəniş prosesi ilə bağlı məlumat açıqlanıb.
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən Medianews.az -a verilən məlumata görə, 6 iyul 2026-cı il saat 15:00-dan 9 iyul 2026-cı il saat 15:00-dək müəllimlərin işə qəbulu müsabiqəsinin ödəniş sistemi aktiv olacaq.
Nazirlər Kabinetinin müvafiq Qərarına əsasən, müəllimlərin işə qəbulu üzrə müsabiqə bu ildən etibarən ödənişli əsaslarla təşkil edilir.
Qanunvericiliyə uyğun olaraq aşağıdakı kateqoriyalara aid namizədlər ödənişdən azaddırlar:
- müsabiqədə ilk dəfə iştirak edən namizədlər;
- şəhid ailəsinin üzvləri;
- müharibə veteranı adı almış şəxslər;
- əlilliyi olan şəxslər;
- ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri.
Ödəniş prosesi ilə bağlı ətraflı məlumat və təlimat şəxsi kabinet vasitəsilə namizədlərin istifadəsinə təqdim olunacaq.
Müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqədə iştirak edəcək namizədlər ödəniş prosesi ilə video təlimat vasitəsilə tanış ola bilərlər.
Müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak üçün 60 manat ödəniş etmək tələb olunur.