Uşaqlarda tez-tez rast gəlinən viral infeksiyalardan biri olan əl, ayaq və ağız xəstəliyi son illərdə yayılıb. Xəstəlik əsasən Coxsackie virusu və digər enteroviruslar səbəbindən yaranır.
Medianews.az xəbər verir ki, xüsusilə 5 yaşdan kiçik uşaqlarda daha çox müşahidə olunur.
Xəstəlik yüngül hərarət, halsızlıq və iştahsızlıq ilə başlayır, daha sonra ağızda ağrılı yaralar əmələ gəlir. Sonrakı mərhələdə ələ, ayağa və bəzən bud bölgəsinə səpgilər görünür.
Virus tez yayılan xüsusiyyətə malikdir: tüpürcək, burun axıntısı, nəcislə təmas vasitəsilə, xüsusilə uşaq bağçaları və məktəblərdə asanlıqla yoluxa bilər. Əllərin tez-tez yuyulması, oyuncaqların və ortaq səthlərin təmizliyi, xəstə uşaqların evdə qalması yoluxmanın qarşısını alır.
Xəstəliyin xüsusi müalicəsi yoxdur, əsas məqsəd uşağın rahatlığını təmin etməkdir. Antibiyotiklər effektiv deyil; əsas müalicə qızıdrma düşürücülər, kifayət qədər maye qəbulu və ağız yaralarının yüngülləşdirilməsidir.
Valideynlər üçün 5 əsas tövsiyə:
- Uşağa bol maye verin;
- Ağız yaralarını artıran turş və sərt qidalardan çəkinin;
- Yumşaq və ilıq qidalar seçin;
- Qeyri-zəruri antibiotik istifadəsindən uzaq durun;
- Həkim məsləhəti olmadan müalicə tətbiq etməyin.
Medianews.az