Türkiyənin Malatya şəhərində 3 gündür itkin düşən universitet tələbəsi Seda A.-nın ailəsinə yazdığı məktub ortaya çıxıb.
Medianews.az xəbər verir ki, 21 yaşlı tələbə məktubunda ailəsindən onu axtarmamağı istəyib və sevdiyi insanın yanına getdiyini bildirib.
Məlumata görə, İnönü Universiteti Xüsusi Təhsil şöbəsinin ikinci kurs tələbəsi olan Seda A. çərşənbə axşamı universitetə getmək üçün evdən çıxıb, lakin axşam saatlarında evə qayıtmayıb. Ailə onunla əlaqə saxlaya bilmədiyi üçün polisə müraciət edib və gənc qızın axtarışlarına başlanılıb.
Ailəsi tərəfindən tapılan məktubda Seda A. belə yazıb:
“Hamınızdan dərin üzr istəyirəm. Bu günə qədər göstərdiyiniz sevgi və dəstəyə görə təşəkkür edirəm. Xahiş edirəm məni bağışlayın. Olmaq istədiyim yerə, sevdiyim insanın yanına gedirəm. Ardımca gəlməyin. Adınızı ləkələmirəm, sadəcə xoşbəxt olmaq istəyirəm. Əlvida.”
Digər tərəfdən, universitet yoldaşlarının sözlərinə görə, Seda A. sosial media vasitəsilə Ufuk adlı bir şəxslə tanış olub. Lakin ailənin əlaqə saxladığı həmin şəxsin gənc qızı tanımadığını dediyi bildirilir.
Hazırda polis və jandarma qrupları Seda A.-nın yaxın ətrafını və universitet yoldaşlarını sorğu-sual edir, həmçinin mobil telefon siqnalları vasitəsilə onun yerini müəyyən etməyə çalışır. Axtarış tədbirləri davam edir.
Medianews.az
