ABŞ, Kanada və Meksikanın ev sahibliyi etdiyi 23-cü dünya futbol çempionatının qrup mərhələsində birinci tur bitib.
Medianews.az bildirir ki, 24 oyunda 75 qol vurulub. Bu, hər oyuna orta hesabla 3,13 qol deməkdir.
Bombardirlər siyahısında argentinalı Lionel Messi 3 qolla öndədir. Onu hərəyə 2 qolla yeddi oyunçu təqib edir. Beş avtoqol qeydə alınıb.
Stadionlarda orta tamaşaçı sayı 65 min 524 nəfər göstərilir.
Çempionluğa iddialı sayılan komandaların dördü ilk turu zəfərlə başa vurub: Almaniya – Kürasao 7:1, Fransa – Seneqal 3:1, Argentina – Əlcəzair 3:0, İngiltərə – Xorvatiya 4:2.
Daha dörd favorit xalları bölüb: Braziliya – Mərakeş 1:1, Niderland – Yaponiya 2:2, İspaniya – Kabo Verde 0:0, Portuqaliya – Konqo DR 1:1.
48 komanda 12 qrupa bölünüb. Qruplarda ilk iki yeri tutanlar və üçüncülər arasında ən yaxşı nəticə göstərmiş 8 komanda 1/16 finala bilet alacaq.
Xallar bərabər olanda komandaların öz arasındakı oyunun nəticəsi əsas götürülür. Qalan meyarlar bunlardır: top fərqi, qol sayı, ən az rəsmi xəbərdarlıq (sarı və qırmızı kartlar), komandanın FİFA-nın cari reytinqində yeri.
Qrup mərhələsi iyunun 28-də bitir. 1/16 final 28 iyun-4 iyula, 1/8 final 4-7 iyula, 1/4 final 9-12 iyula, yarımfinallar 14-15 iyula, üçüncü yer uğrunda oyun və final 19 iyula təyin olunub.