Medianews.az
2026-cı il başlanandan Azərbaycanda 6 minə yaxın yeraltı təkan qeydə alınıb
84 baxış

2026-cı il başlanandan Azərbaycanda 6 minə yaxın yeraltı təkan qeydə alınıb

"Qafqaz regionu, o cümlədən Azərbaycan Alp-Himalay qurşağına daxil olduğu üçün yüksək seysmik aktivliklə səciyyələnir. Şamaxı-İsmayıllı, Talış zonası, Zaqatala-Balakən, Kiçik Qafqaz, Xəzər dənizi seysmik aktiv bölgələr sayılır".

Bunu AZƏRTAC-a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosunun rəisi, yer elmləri üzrə fəlsəfə doktoru Səidə İsmayılova deyib.

"2025-ci ildə ölkəmizdə 15 min 434 yeraltı təkan qeydə alınıb. Ötən il ən yüksək maqnitudalı zəlzələ Xəzərin mərkəzi hissəsində baş verib və maqnitudası 5 olub. Həmçinin, Dağıstan ərazisində maqnitudası 5,4 olan təkan Azərbaycan ərazisində 4-3 bala qədər hiss olunub. Ötən il quru ərazidə ən yüksək maqnitudalı (ml-4) olan zəlzələ Şəkidə qeydə alınıb. Zəlzələ episentrdə 4, ətraf rayonlarda isə 4-3 bala qədər hiss olunub.

2026-cı ilin ötən dövründə ümumilikdə 6 minə yaxın təkan qeydə alınıb. Bu müddət ərzində Azərbaycan ərazisində maqnitudası 3-dən böyük 9 təkan qeydə alınıb ki, onlardan 3-ü hiss olunub.

Hazırda seysmik cəhətdən aktiv olan zonalar - Şamaxı-Ağsu sərhədində, Talış zonası, Zaqatala ərazisində seysmik aktivliyin artımı müşahidə olunur.

Ötən ay Şamaxı-Ağsu sərhədində qeydə alınan ən yüksək maqnitudalı zəlzələ 3,8 olub, episentrdə 4 bala qədər, ətraf kəndlərdə 4-3 bala qədər hiss olunub. Həmçinin Biləsuvar, Siyəzəndə də maqnitudası 3-dən yuxarı zəlzələ qeydə alınıb. Hazırda Azərbaycanda seysmiklik fon səviyyəsindədir. Xəzər akvatoriyasında güclü təkan qeydə alınmayıb", - deyə S.İsmayılova qeyd edib.

Bizə qoşulun