Medianews.az
Vaşinqton görüşündən nə gözləyək? = <span style=color:red>AÇIQLAMA
300 baxış

Vaşinqton görüşündən nə gözləyək? = AÇIQLAMA

Avqustun birinci ongünlüyündə ABŞ prezidenti Donald Trampın paytaxt Vaşinqtonda azərbaycanlı həmkarı İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyanı qəbul etməsi gözlənir. Görüşdə Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanacağı proqnozları var. Ən azı saziş mətninin paraflanacağı vurğulanır. ABŞ-da yaşayan politoloq Ərəstun Oruclu Medianews.az-a deyib ki, Vaşinqton görüşündə hansısa müqavilənin imzalancağını gözləmir: “İlkin çərçivə anlaşması ola bilər, amma sülh sazişinin belə tez imzalanacağını gözləmirəm. Bunun bir çox səbəbi var. Birincisi, sazişin mətninin razılaşdırıldığı deyilsə də, imzalanma üçün Azərbaycanın ön şərtləri, tələbləri var. Söhbət əsasən Ermənistan Konstitusiyasında dəyişiklik edilməsi, oradan Azərbaycana və Türkiyəyə ərazi iddialarını ehtiva edən istinadın çıxarılmasından gedir. Ermənistan Konstitusiyası dəyişməyib. Sadəcə, Donald Tramp və onun administrasiyası bu prosesi sürətləndirməyə çalışır. Sırf öz maraqları baxımından. Donald Tramp 2025-ci ilin yanvarında prezident postuna qayıdandan heç bir sahədə uğur qazanmayıb. Nə Ukraynada müharibəni dayandıra bildi, nə Qəzzada soyqırımının qarşısını ala. Ölkədə iqtisadi vəziyyət də düzəlmədi, əksinə Trampın rüsum siyasəti ilə bir qədər də pisləşdi. İndi ABŞ prezidenti kiçik bir uğura ehtiyac duyur. Bu gün Azərbaycan-Ermənistan sülhü dünyanın diqqətini çəkən əsas məsələlər siyahısında deyil. Bu münaqişə bitmiş hesab olunur, sülh müqaviləsi zaman məsələsidir. Əsas odur ki, Azərbaycan ərazi bütövlüyünü bərpa edib, Ermənistan bununla hesablaşıb. Donald Tramp çalışır ki, öz marağı naminə hadisələri sürətləndirsin. Amma mən hansısa bir yekun, hətta ilkin sazişin imzalanacağını gözləmirəm. Çünki Rusiya hələ buna hazır deyil. Rusiyanın iki qonşusunun onu kənarda qoymaqla sülh sazişi imzalaması inandırıcı görünmür”. Ərəstun Oruclu 1963-cü ildə doğulub. Azərbaycan Tibb Universitetini bitirib. Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşı, Nazirlər Kabineti yanında Mətbuatda və Digər Kütləvi İnformasiya Vasitələrində Dövlət Sirlərini Mühafizə Edən Baş İdarənin rəisi olub, qeyri-hökumət sektorunda məsul vəzifələr tutub. Ermənistan 1988-1994-cü illərdə Azərbaycanın cənub-qərbini və Sədərək rayonunun 1, Qazax rayonunun 7 kəndini işğal edib, Qarabağda separatçı rejim qurulub. 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycanın apardığı müharibə və savaşdan sonrakı danışıqlar, lokal hərbi əməliyyatlar nəticəsində 7 rayon tam, 4 rayon qismən azad olunub. 2023-cü il sentyabrın 19-da Azərbaycan ölkənin bir hissəsinə nəzarət edən işğalçı rejimə qarşı hərbi əməliyyata başlayıb, ertəsi gün rejim tərksilah olmaq öhdəliyi götürüb, sentyabrın 24-dən ermənilərin Qarabağdan kütləvi köçü başlayıb, sentyabrın 28-də rejim özünü buraxıb. 2024-cü il mayın 24-də Qazaxın Aşağı Əskipara, Bağanıs Ayrım, Xeyrimli, Qızılhacılı kəndləri dinc yolla azad edilib. Sədərək rayonunun Kərki, Qazax rayonunun Barxudarlı, Sofulu, Yuxarı Əskipara kəndləri Ermənistan ərazisi ilə əhatə olunub. 2025-ci il martın 13-də Azərbaycanla Ermənistan arasında sülh sazişi layihəsinin mətni üzrə danışıqlar yekunlaşıb. Nailə Qasımova, Medianews.az

Bizə qoşulun