Medianews.az
Nazirlik bu istiqamətdə hələ də konseptual yanaşma ortaya qoymayıb - <span style=color:red>Ekspert
142 baxış

Nazirlik bu istiqamətdə hələ də konseptual yanaşma ortaya qoymayıb - Ekspert

“Elm və Təhsil Nazirliyinin müəllimlərin işə qəbulu üzrə tətbiq etdiyi yeni mexanizmin mərhələli seçim qaydası müəyyən qədər əvvəlki illərin haqsızlıqlarını aradan qaldırır”. Təhsil eksperti Kamran Əsədov Medianews.az-a açıqlamasında belə deyib. O bildirib ki, şəhid ailələrinin seçim üstünlüyünə malik olması sosial ədalət baxımından müsbət addımdır: “Həmçinin vətəndaşların daimi qeydiyyatda olduqları rayon məktəblərində vakansiya seçiminə üstünlük verilməsi bölgələrdə yerli kadrların işlə təmin olunmasına imkan yaradır və əvvəlki illərdə tez-tez rast gəlinən “rayona təyinat alıb işə başlamamaq” hallarını qismən azaldır. Lakin əsas problem – dərs saatı 6-dan az olan yerlərin vakansiya kimi elan edilməməsi – hələ də həll olunmayıb. Bu vəziyyət xüsusilə texnologiya, təsviri incəsənət, musiqi və informatika fənləri üzrə daha qabarıq şəkildə özünü göstərir. Bu fənlər bir çox ümumi orta məktəbdə 3–5 saatlıq yüklə tədris olunur və dərs saatı az olduğuna görə həmin yerlər vakansiyaya çıxarılmır. Nəticədə ixtisaslı müəllimlər daimi işlə təmin edilmir, yalnız müvəqqəti müqavilə ilə çalışmaq məcburiyyətində qalır. Bu isə nə müəllim üçün sosial təminat yaradır, nə də məktəbdə tədrisin davamlılığını təmin edir”. K.Əsədov vurğulayıb ki, texnologiya, təsviri incəsənət, musiqi və informatika fənləri şagirdlərin peşə və yaradıcılıq bacarıqlarını formalaşdıran, onların gələcəkdə texniki və yaradıcı sahələrdə inkişafına təkan verən əsas fənlərdir: “Bu fənlərdə dərs deyən müəllimlərin kənardan gətirilməsi məqsədəuyğun deyil, çünki onlar məktəbin əsas işlərində iştirak etmir, sinif rəhbərliyi etmirlər, məktəb mühitinə inteqrasiya olunmurlar. Üstəlik, bu fənlərin müəllimləri onsuz da H1 və H2 kateqoriyaları ilə işləyir və dərs saatından asılı olmayaraq daimi iş yerinə ehtiyac duyurlar. Mövcud yanaşma isə onların hər il eyni problemi yaşamasına səbəb olur: bir il müddətli müqavilə ilə gəlirlər, növbəti il yenə həmin yerlər boş qalır və məktəblər kadr çatışmazlığı ilə üz-üzə qalır. Dünya təcrübəsində bu problem belə həll edilir: məsələn, Finlandiya və Estoniyada hətta 4–5 saatlıq vakansiyalar belə daimi elan olunur, müəllimlər əlavə məktəblərdə dərs saatı ilə təmin olunur və onların sosial təminatı qorunur. Azərbaycanda isə Elm və Təhsil Nazirliyi bu məsələni illərdir görməzdən gəlir, yalnız yüksək saatlı yerləri elan etməklə “statistikanı yaxşı göstərməyə” çalışır. Halbuki, dövlət büdcəsi bu yerlərin daimi əsaslarla maliyyələşdirilməsinə imkan verir. Problemin həlli üçün dərs yükündən asılı olmayaraq texnologiya, təsviri incəsənət, musiqi və informatika fənləri üzrə bütün vakant yerlər daimi iş kimi elan olunmalıdır. Yoxsa kənardan və ya müddətli əsaslarla gətirilən müəllimlər bir ildən sonra məktəbi tərk edir, həmin yerlər təkrar boş qalır və nəticədə məktəblərdə tədrisin keyfiyyəti zərbə alır. Elm və Təhsil Nazirliyi bu istiqamətdə hələ də konseptual yanaşma ortaya qoymayıb, plan və proqnoz təqdim etmir. Mövcud mexanizm yalnız qismən kosmetik dəyişiklikdir, amma sistem problemi olduğu kimi qalır”. Nailə Qasımova, Medianews.az

Bizə qoşulun