Medianews.az
“Onun fikirlərinə daha çox həkimlər reaksiya verməlidir, <span style=color:red>nəinki siyasətçilər"
549 baxış

“Onun fikirlərinə daha çox həkimlər reaksiya verməlidir, nəinki siyasətçilər"

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev xüsusilə Ukrayna ilə total müharibənin başlandığı 2022-ci ildən bəri Qərb dövlətlərinə, onların ayrı-ayrı dövlət, hökumət nümayəndələrinə və siyasi xadimlərinə qarşı sərt bəyanatlarla çıxış edir, dünyanı yeni müharibələr və nüvə savaşı ilə hədələyir. Bu yaxınlarda o, Rusiyaya qarşı yeni sanksiyalar tətbiq ediləcəyi təqdirdə ABŞ-ı da müharibə ilə hədələyib. Həmçinin bəyan edib ki, Rusiyanın Ukrayna ilə necə danışıqlar aparacağına qərar vermək ABŞ Prezidenti Donald Trampın işi deyil. Donald Tramp Dmitri Medvedevin bu hədəsini cavabsız qoymayıb. ABŞ Prezidenti “Truth Social” sosial şəbəkəsində yazıb: “Rusiyanın uğursuz keçmiş Prezidentinə, hələ də özünü Rusiya Prezidenti hesab edən Medvedevə deyin ki, sözlərinə diqqət yetirsin! O, çox təhlükəli ərazilərə girir”. Xatırladaq ki, 1965-ci il təvəllüdlü Dmitri Medvedev 2005-ci ilin noyabrından Rusiya baş nazirinin birinci müavini olub, daha sonra baş nazir vəzifəsinə gətirilib. 2008–2012-ci illərdə Rusiya Prezidenti postunu tutub, 2012-ci ildən yenidən baş nazir olub. Dmitri Medvedev və onun hökuməti 2020-ci il yanvarın 15-də istefaya gedib. Yanvarın 16-da Medvedev Prezident fərmanı ilə Təhlükəsizlik Şurası sədrinin müavini təyin olunub. Bu şuraya dövlət başçısı Vladimir Putin sədrlik edir. Məlum olduğu kimi, Donald Tramp Rusiya ilə Ukrayna arasında atəşkəsə nail olmaq istəyir. Öncə bu məqsədlə Ukraynaya təzyiq edən Tramp Kiyevdən atəşi dayandırmaq barədə ilkin razılıq alsa da, Moskvanı hələ razı sala bilməyib. Bu səbəbdən son zamanlar Vaşinqton Moskvaya təzyiqləri artırıb. Trampın xəbərdarlığı Medvedevin susmasına səbəb olacaqmı? “Medvedevə deyin ki, sözlərinə diqqət yetirsin!” ifadəsi əslində Rusiya Prezidenti Vladimir Putinə ünvanlanıbmı? ABŞ-Rusiya münasibətləri bu ultimatumlar və xəbərdarlıqlar fonunda hara gedir? Mövzu ilə bağlı Medianews.az-a danışan politoloq Ərəstun Oruclu bildirib ki, əslində Dmitri Medvedevin bəyanatlarını ciddiyə almaq lazım deyil: "Dünya mediasında Medvedev artıq bir təlxək kimi qəbul olunur. Çünki onun paylaşdığı statuslar və bəyanatlar çox qəribə məzmun daşıyır. Bu, daha çox insanın içkili vəziyyətdə və yaxud hansısa maddələrin təsiri altında paylaşdığı fikirlərə bənzəyir. Rusiya ilə ABŞ arasında, əlbəttə ki, Ukrayna məsələsi ilə bağlı ciddi ziddiyyətlər var. Bildiyiniz kimi, ABŞ Prezidenti – hansı ki, özü də Medvedev səviyyəsindədir – onun mənasız bəyanatına belə reaksiya verib. Donald Tramp sözünü birbaşa Vladimir Putinə də ünvanlayıb. O, əvvəlcə 50 günlük müddəti 12 günə, daha sonra isə 10 günə endirdi. Yəni qeyd etdiyim kimi, Tramp da Medvedevdən çox uzağa getməyib. Ona görə də bir-birilə deyişirlər. Vladimir Putin isə kənarda qalaraq bu deyişməni pərdə arxasından idarə edir. Amma Medvedevin dediklərini ciddiyə alan yoxdur. Medvedev bir vaxtlar Rusiyanın liberal siyasətçisi kimi tanınan bir şəxs idi, indi isə özünü ən sonuncu marginal kimi aparır. Həqiqətən də Trampın ona reaksiya verməsi yalnız Trampın özünün də həmin səviyyədə olmasından irəli gəlir". Politoloq əlavə edib ki, Trampın Medvedevə cavabının Putinə ünvanlandığını düşünmür: "Tramp sadəcə reaksiya verib. O, haqqında bir kəlmə yazılana belə mütləq cavab verir. Tənqidə qarşı çox dözümsüz, tərifə isə hədsiz həssasdır. Səbəb budur. Yoxsa Putin haqqında Tramp istənilən fikirləri səsləndirib – həm hədə, həm xəbərdarlıq. Son günlərdə Tramp bu barədə azı üç-dörd dəfə fikir bildirib. Məsələ burasındadır ki, Rusiya Trampı yönləndirir. Trampın opponentləri də aylarla ona deyirdilər ki, Rusiya ilə heç bir anlaşmaya gələ bilməyəcək. Putinlə anlaşmaq qeyri-mümkündür. Bu adam Ukrayna ilə bağlı konkret məqsədlər qoyub və onları nəyin bahasına olursa olsun reallaşdırmaqda israrlıdır. Görünən proses budur. Açığını deyim, şəxsən mən bir şərhçi, siyasi təhlilçi kimi Medvedevin heç bir açıqlamasını oxumuram. Çünki onlar ya alkoqollu içkilərin, ya da narkotik maddələrin təsiri altında olan şəxsin paylaşdığı qeyri-adekvat fikirlərə bənzəyir. Onun fikirlərinə daha çox həkimlər reaksiya verə bilər, nəinki siyasətçilər". Nailə Qasımova, Medianews.az

Bizə qoşulun