Medianews.az
ADNSU, ya AZİ? Nə dəyişəcək ki? - <span style=color:red>"Hələ də o institutlar universitet ola bilməyib"
478 baxış

ADNSU, ya AZİ? Nə dəyişəcək ki? - "Hələ də o institutlar universitet ola bilməyib"

Bu ilin fevral ayından Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru olan Rüfət Əzizov AzEdu.Az təhsil portalına müsahibəsində “Universitetin adı 105 ildə bir neçə dəfə dəyişib. Kimisi AZİ deyir, kimisi ADNA, kimisi ADNSU. Siz necə düşünürsünüz, ADNSU adı ilə bağlı rebrendinqə ehtiyac varmı?” sualını cavablandırarkən deyib: “Doğrudur, ölkədə bəzi universitetlər artıq daha yığcam, yadda qalan və kommunikasiya baxımından daha əlverişli adlarla tanınmağa başlayıb. ADNSU-nun adındakı mürəkkəblik isə ictimaiyyətlə ünsiyyətdə və beynəlxalq tanınmada müəyyən çətinliklər yaradır. Universitetimizin tarixinə nəzər salsaq, ötən əsrdə “Azərbaycan Sənaye İnstitutu” – Azİİ adı ilə regionda və qlobal miqyasda tanındığını görürük. Azİİ brendi nəinki elmi və texniki uğurları, həm də sənaye sahəsinə verdiyi töhfələrlə dərin iz qoyub. Bu baxımdan, universitetin yenidən brendinqi məsələsi gündəmdədir. Biz bu tarixi irsə sadiq qalaraq, hazırki rəsmi adı saxlanılmaqla, universitetin gələcəkdə “AZİ Universiteti” adı ilə tanınmasını planlaşdırırıq. Məqsədimiz universiteti qlobal miqyasda daha tanınan, kommunikativ baxımdan daha çevik və brend baxımından daha bütöv bir kimliklə təqdim etməkdir. "AZİ Universiteti" adı həm keçmişin mirasını qoruyur, həm də gələcəyin çağırışlarına cavab verən müasir elm və texnologiya mərkəzi obrazı yaradır”. Pedaqoji elmlər namizədi, dosent İlham Əhmədov Medianews.az-a açıqlamasında bu məsələyə münasibət bildirib. İlham Əhmədov deyib: “Bu da deyəsən islahatların yeni mərhələsidir. Keçmişdə tez-tez xəstələnən uşağın adını mollanın tövsiyəsi ilə dəyişdirirdilər ki, daha xəstələnməsin. Uşağı həkimə aparıb müalicə etdirmək əvəzinə adını dəyişirdilər ki, əzrayıl gələndə onu tanımasın. İndi o dövrə qayıdırıq deyəsən. 25 il əvvəl bir gündə qırx institutun adı dəyişdi, hamısı universitet oldu. Nə dəyişdi ki? Guya bu addım Boloniya prosesinə qoşulmağa kömək edəcəkdi... O zaman yalnız girəcəkdə divardan asılan, institutun adı yazılan qırx lövhə yeniləndi. Vəssalam. İnstitutları universitet səviyyəsinə yüksəlmək üçün heç bir addım atılmadı, heç bir layihə həyata keçirilmədi. O vaxtkı rektor korpusunun da səksən faizi institutla universitetin fərqini bilmirdilər. Hələ də o institutlar universitet ola bilməyib. İndi də universitetlərin keçmiş adlarını özlərinə qaytarırlar, bəlkə ayağı düşərli oldu. Nə dəyişəcək ki? O vaxt qəbul imtahanında 4 dənə 3 alan (yəni 60% bal yığan) AZİ tələbəsi indi 600-700 bal yığan tələbədən güclü idi. Bu gün isə AZİ-yə 30-50% balla gəlir tələbələr. Bundan danışaq gəlin. Universiteti öz əməlləri, fəaliyyəti, nailiyyətləri tanıdır, adını yaxşılığa çıxardır, onu brend edir. Əvvəl iş olur, sonra ad yaranır. Gəlin düşünək: necə edək ki, məktəblərdə tədris bərpa olunsun, uşaqlar AZİ-yə əvvəllər olduğu kimi məktəblərdən gəlsinlər, repetitor yanından yox. Onda görəcəyik ki, ad dəyişməklə yox, iş üslubunu dəyişməklə, AZİ-dəki dürüstlüyü bərpa etməklə inkişaf olur. Ad dəyişməklə AZİ-də yenidən Azad Mirzəcanzadələr yaranacaqmı? Xaricdən AZİ-yə yenə tələbə axını olacaqmı? Təhsil Nazirliyinin də adı dəyişdi Elm və Təhsil Nazirliyi oldu, nə dəyişdi ki? Heç nə. Bir çaya iki dəfə daxil olmaq mümkün deyil. Hər şey axır, hər şey dəyişir. AZİ-nin vaxtında təhsilimiz düz qurulmuşdu. İndi isə təhsilimiz tərsinə qurulub. Tərsinə qurulmuş təhsili kökündən dəyişməsək, heç bir sehrli xalat bizi o təhsilə qaytara bilməz”. Toğrul Əli, Medianews.az

Bizə qoşulun