Medianews.az
Hindistan zavodları ucuz Rusiya neftindən <span style=color:red>imtina etməyə başlayıb
241 baxış

Hindistan zavodları ucuz Rusiya neftindən imtina etməyə başlayıb

Gözlənildiyi kimi, Avropa İttifaqının qəbul etdiyi 18-ci sanksiyalar paketi fonunda Hindistan neftayırma zavodları ucuz Rusiya neftindən imtina etməyə başlayıb. Uzun müddət yalnız Rusiya nefti ilə çalışan və Mangalore Refinery and Petrochemicals Limited şirkətinə məxsus Manqalor Neftayırma Zavodu ilk dəfə Azərbaycan nefti alıb. Azərbaycan neftinin satışında vasitəçi qismində məşhur treyder şirkəti “Trafigura” çıxış edib. Müqaviləyə əsasən, sentyabr ayından etibarən “Azeri Light” markalı neft Hindistandakı zavoda iki partiya üzrə – hər biri 650 min barrel olmaqla – çatdırılacaq. Satış qiyməti açıqlanmayıb. Xatırladaq ki, Avropa İttifaqının 18-ci sanksiyalar paketi Rusiya neftinin və digər enerji resurslarının maliyyələşdirilməsinə tətbiq olunan məhdudiyyətləri ciddi şəkildə sərtləşdirir. Sanksiya paketinin açıqlanmasından dərhal sonra Rusiya neftinin iki əsas alıcısı – Hindistan və Çin – tərəfindən mümkün qərarlar ətrafında müzakirələr başladı. Hindistanlı analitiklərin proqnozlarına görə, Aİ-nin enerji ixracına tətbiq etdiyi son sanksiyalar Hindistanın neftayırma şirkətləri üçün ciddi təsirlərə yol açacaq. Manqalor Neftayırma Zavodu ruslarla əməkdaşlığa son verdikdən sonra, Hindistanın digər bir neftayırma şirkəti – Nayara Energy – də eyni qərarı qəbul edib. Hindistan mediasının məlumatına görə, vəziyyətlə tanış olan beş mənbə təsdiqləyib ki, Rusiya tərəfindən dəstəklənən bu şirkət öz zavodundakı neft istehsalını azaldıb. Ölkənin qərbində yerləşən Qucarat ştatındakı Vadinar limanında yerləşən və ölkə üzrə neftayırma gücünün təxminən 8 faizini təşkil edən zavoda nəzarət edən özəl Nayara şirkəti Hindistanın üçüncü ən böyük neftayırma müəssisəsidir. Daha iki mənbə bildirir ki, Rusiyaya qarşı tətbiq edilən sanksiyalar Nayara şirkətinin neft məhsullarını ixrac etməsini çətinləşdirib, bu isə anbarlama ilə bağlı məhdudiyyətlərə səbəb olub. Sanksiyalar təhlükəsi səbəbindən treyderlər də ehtiyatlı davranmağa başlayıblar. “Reuters” agentliyinin ötən həftə verdiyi məlumata görə, ən azı iki tanker Vadinar limanında planlaşdırılmış yükləmədən imtina edib, Rusiya nefti ilə dolu tanker isə limanı tərk etməyib. “Bloomberg”in xəbərinə görə, istehsal gücünü qorumaq məqsədilə Rusiya neftindən imtina edən Nayara Energy şirkəti təcili şəkildə İraq nefti almaq məcburiyyətində qalıb. Yükdaşıyanların məlumatına görə, bu, sanksiyalardan sonra zavoddan çıxacaq ilk qeyri-Rusiya nefti partiyası olacaq. Gəmi brokerləri və izləmə sistemlərinin bildirdiyinə əsasən, iki milyon barrel İraq nefti daşıyan “Kalliopi” adlı iri tanker hazırda Vadinar limanına doğru hərəkət edir. Elçin Alıoğlu

Bizə qoşulun