25.07.2025, 14:13
                
                
                  
                  871 baxış
                
                
                  
                  
                    Azad
                  
                                  
              Qusman ictimaiyyətə geniş açıqlama verəcək
 
                “TASS İnformasiya Agentliyindən ayrılmağımla bağlı indi geniş danışmaq istəmirəm”. Bunu Teleqraf-a açıqlamasında iyulun 24-də Rusiyanın dövlət informasiya agentliyi olan TASS-ın baş direktorunun birinci müavini vəzifəsindən azad edilən tanınmış jurnalist Mixail Qusman deyib.
O söyləyib ki, bir həftəyə məsələ ilə əlaqədar ictimaiyyətə geniş açıqlama verəcək.
Teleqraf-ın təkidli suallarına baxmayaraq, Mixail Qusman geniş danışmaqdan imtina edib: “Mən hazırda hava limanına tələsirəm”, - o bildirib. Lakin tanınmış jurnalist haraya səyahət etdiyini açıqlamaq istəməyib.
Xatırladaq ki, M.Qusman 1950-ci ildə Bakıda anadan olub. O, 1999-cu ilin oktyabrında Rusiyanın dövlət informasiya agentliyi olan TASS-ın (1 oktyabr 2014-cü ilədək İTAR-TASS) baş direktorunun birinci müavini təyin edilmişdi.
Televiziya sahəsində də geniş fəaliyyəti olan M.Qusman 2000-ci ildən “Rossiya” Dövlət Telekanalında yayımlanan “Hakimiyyət formulu” verlişinin müəllifi və aparıcısıdır. O, 2001-ci ildə Rusiyanın Əməkdar mədəniyyət işçisi, 2018-ci ildə isə Əməkdar jurnalisti fəxri adları ilə təltif olunub.
M.Qusman UNESCO-nun Rabitə üzrə Beynəlxalq Proqramının Rusiya Komitəsinə rəhbərlik edir, təşkilatın İnformasiya və Kommunikasiya üzrə Hökumətlərarası Şurasının (IPDC) və Rusiyanın UNESCO üzrə Komissiyasının üzvüdür.
M.Qusman iyulun 19-da Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə Xankəndidə keçirilən “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” mövzusunda III Şuşa Qlobal Media Forumuna qatılıb.
Bundan sonra rusiyalı hərbi blogerlər M.Qusmanı Qarabağa səfərinə, Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə keçirilən media forumuna qatılmasına, eləcə də Azərbaycan lideri haqqında müsbət fikirlərinə görə kəskin tənqid ediblər.