25.07.2025, 10:16
                
                
                  
                  1,051 baxış
                
                
                  
                  
                    Azad
                  
                                  
              Mixail Qusman Azərbaycanın üç ordeni ilə təltif olunub
 
                İyulun 24-də Rusiyanın TASS İnformasiya Agentliyinin baş direktorunun birinci müavini vəifəsindən azad edilən Mixail Qusman Azərbaycanın “Şöhrət”, “Dostluq” və “Şərəf” ordenləri laureatıdır.
Medianews.az bildirir ki, Mixail Qusman hər üç ordenə Prezident İlham Əliyevin sərəncamları ilə layiq görülüb. "Şöhrət" ordeni ilə 2005-ci ildə, “Dostluq” ordeni ilə 2010-cu ildə, “Şərəf” ordeni ilə 2020-ci ildə təltif olunub.
Mixail Qusman 1950-ci il yanvarın 23-də Bakı şəhərində doğulub, Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunu (Azərbaycan Dillər Universiteti) və Bakı Ali Partiya Məktəbini (Dövlət İdarəçilik Akademiyası) bitirib. Azərbaycan Gənclər Təşkilatları Komitəsi sədrinin müavini, SSRİ Gənclər Təşkilatları Komitəsinin informasiya şöbəsinin müdiri, “İnfomol” informasiya əməkdaşlığı qurumunun direktoru, “ANKOM – TASS” beynəlxalq təhlil agentliyinin vitse-prezidenti olub. 1998-ci ildən TASS-da çalışan Mixail Qusman 1999-cu ildən baş direktorun birinci müavini idi.
Əsası 1904-cü ildə qoyulan TASS Rusiyanın mərkəzi dövlət informasiya agentliyi, dünyanın ən iri media qurumlarındandır.
Eyni zamanda Mixail Qusman Rusiyanın əməkdar mədəniyyət işçisi, əməkdar jurnalistidir, Rusiya Federasiyasının “Dostluq”, “Şərəf”, “Vətənə xidmət”, “Aleksandr Nevski” ordenləri ilə təltif olunub.
Qusman İtaliya, Moldova, Belarus, Qazaxıstanın da orden və medallarına layiq görülüb.
Toğrul Əli,
Medianews.az