“Yüksək vəzifəli şəxsin övladının toyunda pulsuz oxusan sabah “Xalq artisti” olacaqsan”
“1975-ci ildə mən əsgərlikdə olanda Odessa Hərbi Dövlət Teatrında tamaşaya baxdım. Tamaşadan sonra kulisə keçib, aktyorlarla tanış olmaq istədim. İcazə vermədilər. Mən də hərbi formada idim. Özümü təqdim etdim və dedim ki, peşəkar aktyoram. Bunu deyəndə dedilər ki, hərbi biletini göstərə bilərsən? Göstərdim. Gördülər ki, həqiqətən də incəsənəti, aktyorluğu bitirmişəm. Bunu görəndən sonra məni səhnənin qırağına apardılar. Bir də gördüm bir nəfəri gətiriblər, rejissor idi. Məni həmin teatrda saxlamaq istəyirdilər. Anama deyəndə bir kəlmə dedi ki, “qayıt gəl”. Allahımdan sonra anamın hər kəlməsi mənim üçün qanun idi. Üzr istədim. Bizdə axı böyük sözü keçərlidir. Özü də ananın sözü. Mən bu sözü onlara deməklə sübut etdim ki, sizdə ana-ataya hörmət yoxdur, amma bizdə onlar müqəddəsdir”
Bunu 
Medianews.az-a açıqlamasında əməkdar artist Vahid Əliyev deyib. O daha sonra sənətdəki haqsızlıqlardan danışıb.

“Teatrda işləyirdim. Bir dəfə gördüm ki, Lətifə xanım (xalq artisti Lətifə Əliyeva) inciyib. Başa düşürəm xanım xeylağıdır, sənətkardır. Dedim ki, Lətifə, gəl səni giley-güzar etmə. Səni başa düşənlər onsuz da başa düşəcək. Sənin bütün rollarını mən qoyuram kənara, bir filmdə pəncərəyə çıxıb, monoloq dediyin səhnə var. Dedi ki, hə?? Dedim ki, sənin bu rolun artıq çoxdan xalq artisti olduğunu deyir. Çox təəssüflər olsun ki, bizdə sənət demək olar sıfırdadır. İncəsənət universitetində dərs deyən bəzi müəllimlər var ki, birinci parça ilə ikinci parçanın arasında tempiramentin nə olduğunu bilmir”,-deyə aktyor bildirib.
Aktyor müğənni, xalq artisti Röya Ayxanın ünvanına işlətdiyi ifadələrə də aydınlıq gətirib:
“Mən televiziyaya baxırdım. Gördüm ki, Röya kinoşünas Ayaz Salayevin üstünə xod gedir. Adama deyərlər sən kimsən? Moskva təhsili görmüş savadlı, ziyalı, qanacaqlı bir kəsə sən kimsən ki, bir söz deyirsən? Röya xanım, xırda, balaca səs diapozonun var. Əvvəlcə bir özünə bax, sonra qarşındakına qiymət ver. Düzdür, nə vaxtsa səhv edib sənə bir “xalq artisti” fəxri adı veriblər. Mən bilirəm indi müğənnilərin çoxu fəxri ad almaq üçün nələr edirlər. Yüksək vəzifəli bir şəxsin övladının toyunda pulsuz oxusan, sən artıq xalq artistisən. Biz qastrollarda olmaqdan aylarla ailəmizi görmürdük. Hökümətin planını vermək lazım idi. Çünki dövlət bizə maaş verirdi. İndi görürsünüz də efirlər nə gündədir? Televiziyalar səssiz, sözsüz müğənniləri efirlərə çıxaranda Üzeyir Hacıbəylinin goru çatlayır”.
Əli Əsgər
Medianews.az