18.07.2025, 10:51
294 baxış
Azad
Görün, dağıdıcı imperiya iddiaları bu ölkəni hansı vəziyyətə gətirib
Rusiyada azərbaycanlı miqrantlara qarşı davam edən təqib kampaniyasını narahatlıqla izləyirik. Yaşadığı, işlədiyi ölkənin büdcəsinə kifayət qədər vəsait ödəyən, əhalinin rifahına töhfələr verən iş adamlarını dəhşətli işgəncələrə məruz qoymaq xırda məmurların işi deyil. Aydın məsələdir ki, bu qanlı repressiyaların icrasına birbaşa ən yüksək səviyyədə göstəriş verilib.
İmperiyanın son çırpıntıları olan bu addımların Stalin repressiyasından heç bir fərqi yoxdur. O zaman da, indi də təqiblərə, işgəncələrə məruz qalan şəxslərin müraciət edəcəyi hüquq və müstəqil məhkəmə sistemi olmayıb. Yalnız Stalin və onun ətrafı gəbərəndən sonra repressiya qurbanları bəraət aldı.
Hüquq sisteminin bərbad olduğu totalitar rejimlərdə günahsız təqib edilən insanlar taleyin ümidinə buraxılır. İnsanların hüquq və azadlıqlarının müdafiəsilə məşğul olacaq müstəqil məhkəmə institutları ilə bərabər vətəndaş cəmiyyətinin olmaması, şovinizmdən qidalanan məmur özbaşınalığı miqrantların vəziyyətini daha da çətinləşdirir.
Müşahidilər göstərir ki, Rusiya qürub çağındadır. Bu ölkənin bütün çabaları əbəsdir. Dünya, Qərb, Cənubi Qafqaz və ən əsası bu ölkənin daxilində boğulan xalqlar Rusiya təqibindən, kabusundan qurtulmaq istəyir.
Yalnız qapalı bir rejim olan Şimali Koreya ilə əməkdaşlıq edən, özünü bütün dünyadan təcrid edən Rusiyanı hansı aqibət gözlədiyini demək çətindir.
Ukrayna bataqlığından bu ölkənin çıxacağı inandırıcı deyil. Amma, lakin o inandırıcıdır ki, dünyanın siyasi xəritəsinin dəyişməsi, ən yaxşı halda Rusiyanın tamamilə taqətdən düşmüş vəziyyətdə qalması mümkün variantlardan biri ola bilər. Görün, dağıdıcı imperiya iddiaları bu ölkəni hansı vəziyyətə gətirib.
Əkrəm Bəydəmirli