Dövlət müstəqilliyinin bərpa olunduğu 1991-ci ildən sonra Azərbaycanda 7 parlament seçkisi keçirilib. Parlament – Milli Məclis 125 nəfərlikdir. 1995 və 2000-ci illərdə Milli Məclisin 100 üzvü majoritar üsulla (dairələrdən), 25 üzvü proporsional üsulla (partiya siyahıları üzrə) seçilib. 2002-ci ildə keçirilmiş konstitusiya referendumunda proporsional sistem ləğv edilib və 2005, 2010, 2015, 2020, 2024-cü illərin parlament seçkilərində tam majoritar sistem tətbiq olunub, deputatların hamısı dairələrdən mandat alıb.
Bir çox siyasətçi Azərbaycanda proporsional, yaxud qarışıq sistemə (majoritar-proporsional) dönməyi təklif edir. Hazırda majoritar-proporsional sistemin tətbiq oluna biləcəyi haqda iddialar da səslənir.
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli “Yeni Müsavat” qəzetinə müsahibəsində jurnalist Elşad Paşasoyun bu iddialarla bağlı suallarını da cavablandırıb.

Söyləyəcəyi fikirlərin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri kimi yox, sırf ekspert, ya bir hüquqşünas baxışı kimi qəbul edilməli olduğunu vurğulayan Əli Hüseynli bildirib ki, onun majoritar və proporsional seçki sistemi ilə bağlı mövqeyi birmənalı şəkildə belədir: “Proporsional seçki sisteminin bərpasına heç bir ehtiyac yoxdur”.
“Dövlət siyasi partiyaların inkişafına önəm verdiyini daim bəyan edir, yeni qanun qəbul olunub. Bu sistemin bərpası ümumi işin xeyrinə olmazmı?” sualına cavab olaraq isə Əli Hüseynli deyib: “Siyasi partiyaların inkişafı ilə bağlı son illər görülən işlər öz bəhrəsini verir. Siyasi partiyalar haqqında biz yeni qanun qəbul etdik, çox ciddi müzakirələr oldu. Siyasi partiyaların yeni bir konfiqurasiyası mövcuddur. Onlarla əməkdaşlıq barədə onu deyə bilərəm ki, zamanında Prezident Administrasiyasında xüsusi şöbə yaradıldı - Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsi. Bu, çox mühüm bir addım idi. Ondan sonra partiyalarla iş fərqli müstəvidə quruldu, “Siyasi partiyalar haqqında” Qanun qəbul edildi. Yəni demək istəyirəm ki, siyasi partiyaların inkişafını biz onsuz da müşahidə edirik və “siyasi partiyaların inkişafından ötrü proporsional seçki sisteminin bərpa olunmalıdır” arqumentini mən qəbul etmirəm”.
Medianews.az saytı məsələ ilə bağlı REAL Partiyası Siyasi Komitəsinin sədri Natiq Cəfərliyə müraciət edib.
Əli Hüseyinlinin müsahibəsini maraqla oxuduğunu və müsahibənin davamının çapını gözlədiyini diqqətə çatdıran Natiq Cəfərli deyib: “Əli Hüseynlinin proporsional seçki ilə bağlı fikirlərinə qatılmıram. Əslində Azərbaycanda siyasi partiyaların keyfiyyətcə yeni mərhələyə keçid etməsi, keyfiyyət dəyişiklərinə, ideoloji oturuşmuş təməllərə söykənməsi üçün proporsional seçki çox vacibdir. Proporsional seçki ölkədə siyasi partiyaların, siyasi institutların güclənməsinə, milli maraqlar çərçivəsində çıxış etməsinə və milli maraqların müxtəlif yollarla təmin olunması rəqabətinə yol açardı. Bu çox vacibdir. Mənə elə gəlir ki, proporsional seçki ilə bağlı diskussiya davamlı şəkildə aparılmalıdır. Gələcəkdə Azərbaycan parlamentinin formalaşmasında proporsional seçki sisteminin tətbiqi çox mühüm rol oynaya bilər. Bu, partiyaların güclənməsinə, partiyaların ideoloji olmasına, nəticədə sağlam siyasi rəqabəti daha da güclənməsinə təkan verərdi”.
Nailə Qasımova,
Medianews.az