Medianews.az
Zəngəzur dəhlizi: prosesə kənar güclər qoşulur - <span style=color:red>SƏBƏB BUDUR
278 baxış

Zəngəzur dəhlizi: prosesə kənar güclər qoşulur - SƏBƏB BUDUR

ABŞ Azərbaycan və Ermənistan arasında nəzərdə tutulan nəqliyyat dəhlizinin idarəçiliyini üzərinə götürməyi təklif edib. Bu barədə ABŞ-nin Türkiyədəki səfiri Tomas Berrak məlumat verib. Səfirin sözlərinə görə, məqsəd iki ölkə arasında etimadı artırmaq və kommunikasiya yollarının açılması üzrə öhdəliklərin icrasına nəzarət üçün praktik mexanizm yaratmaqdır. Berrak bildirib ki, nəqliyyat dəhlizi yalnız iqtisadi deyil, həm də geosiyasi əhəmiyyət daşıyır və ABŞ bu prosesin şəffaf və təhlükəsiz şəkildə həyata keçirilməsində maraqlıdır. Berrak vurğulayıb ki, tərəflər arasında əsas problemlərdən biri Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirəcək, Ermənistan ərazisindən keçən Zəngəzur dəhlizidir: “Azərbaycan dəhlizin Ermənistanın tam nəzarətinə verilməməsinə təkid edir, maneəsiz gediş-gəliş baxımından İrəvana etibar edilə bilməyəcəyindən narahatlığını ifadə edir”. Berakın təklifinə görə, ABŞ-ın özəl şirkətlərdən biri Zəngəzur dəhlizini 100 illik icarəyə götürə və tərəflər buradan rahatlıqla istifadə edə bilərlər: “Məqsəd isə Bakının uzunmüddətli və güclü təhlükəsizlik zəmanətləri ilə bağlı tələblərini təmin etmək və eyni zamanda İrəvanın dəhliz üzərində suverenliyini qorumaqdır”. ABŞ-ın Türkiyədəki səfirinin təklifi Tramp administrasiyasının təklifi kimi qəbul edilə bilərmi? Zəngəzur dəhlizinə hər hansı üçüncü ölkənin nəzarət etməsi qaçılmazdırmı? Azərbaycanla Ermənistan bu məsələni üçüncü tərəf olmadan həll edə bilərmi? Medianews.az-ın suallarını cavablandıran politoloq Oqtay Qasımov bildirib ki, Amerikanın Türkiyədəki səfirinin açıqlaması ABŞ-nin rəsmi mövqeyi kimi qəbul olunmalıdır: "Çünki səfir eləcə öz fikrini söyləyən bir şəxs deyil, o, dövlətin mövqeyini ifadə edir. Bu baxımdan səfir Berrakın dedikləri ABŞ-nin rəsmi mövqeyi kimi qəbul olunmalıdır”. Zəngəzur dəhlizinə üçüncü tərəfin nəzarət etməsi məsələsinə gəlincə, O.Qasımov xatırladıb ki, 2020-ci ildə Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin imzaladığı üçtərəfli bəyanatın 9-cu maddəsində dəhlizə nəzarətin Rusiya sərhədçilərinə verilməsi nəzərdə tutulsa da, sonradan Ermənistan bu mövqedən geri çəkilib və Rusiyanı prosesdən kənarda saxlamağa çalışıb: “Məhz dəhlizdə gediş-gəliş rejimi, tətbiq olunacaq yoxlama sistemi və başqa bu kimi məsələlər faktiki olaraq Zəngəzur dəhlizinin açılmasını dalana dirəyib. Nəzərə alsaq ki, tərəflər arasında etimad mühiti hələlik aşağı səviyyədədir, onda burada təhlükəsiz, maneəsiz keçid məsələlərinin həllini tapmasının çox vacib olduğu qənaətinə gələrik. Əlbəttə, ən ideal variant Azərbaycan və Ermənistanın bu məsələni öz aralarında anlaşma ilə, etimad mühitində həll etməsi olardı. Hansısa formada hər iki tərəf təhlükəsizliyə, maneəsiz keçidə təminat verə bilərdi.  Amma bu olmayacağı təqdirdə üçüncü tərəf kimi neytral şirkətin prosesə cəlb olunması barədə ABŞ-nin təklifi də müzakirə edilə bilər". Politoloq qeyd edib ki, əslində ABŞ-nin təklifi yeni deyil: "Bu məsələ ətrafında hələ ötən əsrdə də müəyyən müzakirələr aparılıb. ABŞ-nin Zəngəzur dəhlizinə nəzarətdə marağının olması anlaşılandır. Çünki ABŞ-nin regionda, Mərkəzi Asiyada maraqları var, İran və Rusiya ilə bağlı müəyyən məsələləri var və bütün bunları göz önünə gətirəndə Güney Qafqazın ABŞ-nin maraq dairəsində olduğu aydın görünür. Dəhlizə nəzarətin Amerika şirkətinə verilməsi, sözsüz ki, Azərbaycan və Ermənistan arasında müzakirə olunub razılaşdırılacaq bir məsələdir. Erməni mediasında yazırlar ki, belə bir təklif, yəni dəhlizdə nəzarətin Amerika şirkətinə verilməsi Ermənistanın suverenliyinə kölgə sala bilər. Şəxsən mən belə düşünmürəm. Arzu olunan odur ki, Azərbaycan və Ermənistan üçüncü tərəfin iştirakı olmadan razılaşsın, gündəlikdə duran məsələləri həll etsin. Amma Ermənistanın maksimalist mövqeyi və məsələlərin həllini uzatması ona gətirib çıxarıb ki, prosesə kənar güclər qoşulurlar və öz maraqlarını təmin etmək üçün bu cür təkliflər ilə sürürlər". Nailə Qasımova, Medianews.az

Bizə qoşulun