10.07.2025, 08:08
183 baxış
Azad
Yunanıstanda daha bir azərbaycanlı həbs edilib
Yunanıstan Sahil Mühafizəsi Türkiyədən bu ölkəyə qeyri-qanuni miqrantlar daşıyan daha bir azərbaycanlını həbs edib.
Yunanıstan KİV-nin məlumatına görə, iyulun 6-da günorta saatlarında yerli sakinlərdən biri Samos adasının şərqində dəniz akvatoriyasında sərnişinsiz hərəkət edən sürətli kater barədə sahil mühafizəsinə məlumat verib. Sahil mühafizəsi həmin əraziyə patrul katerləri göndərib, gəmi saxlanılıb və onun pilotu – on səkkiz yaşlı Azərbaycan vətəndaşı insan alverində ittiham olunaraq həbs edilib.
Məlum olub ki, Azərbaycan vətəndaşı Türkiyədən gətirdiyi qeyri-qanuni miqrantları Yunanıstan sahillərində düşürüb və geri qayıtmağa cəhd edib. Dindirmə zamanı azərbaycanlı gənc sərnişinlərini dəqiq harada düşürdüyünü bildirib və bu məlumat əsasında Yunanıstan polisi Samos adasının Vlamari dəniz limanı yaxınlığında on iki qeyri-qanuni miqrant aşkarlayıb və onları müvəqqəti saxlama düşərgəsinə yerləşdirib.
İyulun 5-də Yunanıstan sahil mühafizəsi silah tətbiq etməklə göyərtəsində iyirmi dörd qeyri-qanuni miqrant olan sürətli kateri saxlayıb. Onun iki pilotu — iyirmi üç və iyirmi iki yaşlı Azərbaycan vətəndaşları həbs edilib. Bundan əvvəl də Yunanıstan sahil mühafizəsi dəfələrlə azərbaycanlıların idarə etdiyi, qeyri-qanuni miqrant daşıyan sürətli katerləri saxlamışdı.
Yunanıstan mətbuatının yazdığına görə, Türkiyədə qeyri-qanuni miqrantların Yunanıstan sahillərinə dəniz yolu ilə daşınmasını təşkil edən mafiyoz strukturlar fəaliyyət göstərir. Görünür, bu mafiyalar sürətli katerlərin pilotları qismində azərbaycanlı gəncləri fəal şəkildə öz sıralarına cəlb edirlər.
Elçin Alıoğlu
Paylaş: