Medianews.az
“Çəkilişlərdə verdikləri yeməkdən xəstəlik tapmışıq, niyə ucuz qiymətə çəkilməliyəm?”- <span style=color:red>Məşhurların qonorarları - SORĞU + ÖZƏL
247 baxış

“Çəkilişlərdə verdikləri yeməkdən xəstəlik tapmışıq, niyə ucuz qiymətə çəkilməliyəm?”- Məşhurların qonorarları - SORĞU + ÖZƏL

Bu gün əksər sənətçilər film və seriallardan aldıqları qonorardan narazılığını dilə gətirir. Əksər film direktorları qonorarı fəxri ada görə, əksəriyyət də istedadına görə aktyora ödəyir. Bəs görəsən sənətçilər aldıqları qonorardan razıdırlar? Medianews.az mövzunu elə film və seriallara çəkilən akktyorlarla birgə araşdırıb. Xalq artisti Rasim Balayev bildirib ki, qonorardan da vacib məsələlər var: “Söhbət yüksək qonorardan yox, yüksək səviyyəli senari və filmdən gedir. Pul müqabilində gedib nəyə gəldi çəkilmək istəmirəm. Əlbəttə ki, bəlli bir qonorarım var. Yaxşı filmlər olsa qonorarda razılaşmaq olar. Təki dünyaya səs salan filmlər çəkilsin”. Xalq artisti Həmidə Ömərova bildirib ki, bu mövzu hər zaman aktual olub: “Mən belə hesab edirəm ki, qonorar məsələsinə yenidən baxılmalıdır. Filmlərdə, seriallarda çəkiləndə həm aktyorların iş stajı, həm də oynadığı obrazlar nəzərə alınıb və daha sonra qonorar verilməlidir”.   Xalq artisti Firəngiz Mütəllimova bildirib ki, hazırda aktyorlara verilən qonorarın miqdarından xəbərsizdir: “Neçə illərdir çəkilmirəm, meydanda yoxam. Ona görə də məni nə qonorar maraqlandırır, nə serial, nə də film. Çəkilmirəm, mənə maraqlı da deyil. Zamanında çəkiləndə özümə lazım olan qonorarı almışam. Qonorarım yüksək olub. İndi heç nədən xəbərim yoxdur. Bir dəfə məni filmə dəvət etmişdilər. Rejissora sual verdim ki, bu məbləğlə film çəkməkdə məqsədiniz nədir? O da qaldı mənə baxa-baxa. Dedim ki, bir də məni belə məsələlərə görə narahat etməyin. Ancaq “Azərbaycanfilm” kinostudiyası çəksə çəkilərəm. Bir də dövlət səviyyəsində hansısa film çəkilsə rol almaq istərəm. Kommersiya filmləri ilə qurtarmışam. Heç onlara daha məni dəvət də etmirlər. Çünki bilirlər hər qonorara gedib çəkilən deyiləm”. Əməkdar artist Mehriban Xanlarova isə bildirib ki, az məbləğdə qonorarla razılaşmır: “Azərbaycanda aktyor və aktrisalara verilən qonorarın məbləği çox vaxt 1000-1500 manat arasında dəyişir. Təəssüf ki, bu rəqəmlər biz sənət adamları üçün qənaətbəxş deyil. Şəxsən mən Mehriban Xanlarova film və ya serial təklifi alanda ilk növbədə təklif olunan qonorarı soruşuram. Əgər məbləğ məni qane etmirsə, heç uzatmadan, dərhal “yox” cavabı verirəm. Şəxsən məni qonorar qane etməsə, o layihədə çəkilməyəcəyəm bu, mənim prinsipimdir. Çünki nə mənim, nə də mənim kimi sənətdə illərini vermiş, imzası olan sənətkarların artıq reklama ehtiyacı yoxdur. Bizim zəhmətimiz, sənətə verdiyimiz töhfə hər kəsə bəllidir. Əgər rejissorun və ya layihə rəhbərinin kifayət qədər büdcəsi yoxdursa, gəlib bizim kimi tanınmış, peşəkar sənətkarları boş yerə narahat etməsin. Hər bir sənətkar öz əməyinə və sənətinə dəyər verir, bu dəyər də qarşılıqlı şəkildə qorunmalıdır” . Rejissor Şamil Əliyev bildirib ki, aktyora fəxri adına görə yüksək qonorar vermək düzgün deyil: “O vaxt xalq artistinin çəkilişinin günü 56 manat, məşq prossesi isə 25 manat idi. Bundan kənara heç kim çıxa bilmirdi. Müstəqil olandan sonra kino haqqında qanun qəbul olundu. Xalq artisti deyir ki, mənim qonorarım azdır. Onu da başa düşmək olar. Amma artıq xalq artisti məsələsi getdikcə filmlərdə öz əhəmiyyətini itirir. Aktyora qonorar onun zəhmətinin müqabilində verilməlidir. Filmin müəyyən büdcəsi var. Rejissor o büdcənin çərçivəsində hərəkət etməlidir. Bu günki filmlərin büdcəsi də bəllidir” . Aktyor Rəhim Rəhimov isə bildirib ki, qonorarın azlığı onu film və seriallara çəkilməkdən uzaqlaşdırıb: “Mən 1-2 dəfə seriala çəkilmişəm. Ondan sonra çəkilməmişəm. Çünki qonorar az verirlər. Sənin əziyyətinə dəymir. Ondan sonra da 1-2 təklif olub. Getməmişəm. Əziyyəti çox olur. Səhərdən axşama qədər çəkiliş olur. Bir də görürsən ki, gün axşam olub, hələ günorta yeməyini yeməmisən. Belə hallar çox olur. Ona görə mən dublyaja daha çox üstünlük verirəm və çalışıram ki, bütün enerjimi burada tükədim” . Aktyor Niyaz İlyasoğlu bildirib ki, imkansızlıq ucbatından aktyor heç vaxt ona layiq olduğu və arzuladığı həyatı yaşaya bilmir: “Aktyor nə teatrda, nə də serialda layiq olduğunu kifayət qədər qazanmır. Bunun səbəbi nədədir? Bilmirəm, bizim kino sənayemiz, reklam bazarımız yəqin ki, bir o qədər də inkişaf etməyib. Bəzən də sadəcə simiclikdən aktyorun qonorarını kəsirlər. Xarici aktyorları çağırıb onlara külli miqdarda pul verirlər. Öz aktyorlarımıza qonorar vermək istəmirlər. Sanki bizdə belə bir düşüncə var ki, rejissorlar fikirləşir ki, bizim ölkənin yaşam minimumu bəllidir də, sən ondan artıq niyə qazanmalısan ki? Bəzən belə düşünənlər də var. Fakt faktlığında qalır ki, aktyor kifayət qədər qazanmır. Çox istərdim ki, bu sahəyə ayrılan pullar aktyorlara xərclənsin. Dövlətin, kanalın ayırdığı pulu sonradan bölüşdürənlər gərək ədalətli olsunlar. Birimizin villası olanda, o birimizin quru maaşı olmasın. Eyni komandada işləyən aktyorların biri min, digəri 11 min manat qazanmalı deyil. Az da qazansam, çox da qazansam onsuz da keyfiyyətli iş ortaya qoyacam” . Aktrisa Gülşən Hüseynli qonorarların az olmasında bəzi həmkarlarını günahkar bilib: “Azərbaycanda artıq neçə illərdir ki, çox problemlər üzə çıxır. Mən Türkiyədə, İranda böyük layihələrdə iştirak etmişəm. Təbii ki, qonorarım yüksək olub. Professional aktrisa olduğum üçün və yüksək qonorar müqabilində çəkildiyimə görə hazırda heç bir layihədə yoxam. Çünki az qonorarla razılaşmıram. Mənə çox təkliflər gəlir. Amma əziyyətimə dəymir. O pula görə bütün günümü setdə keçirə bilmərəm. Həm canım ağrıyır, həm yemək yaxşı olmur. Verdikləri yeməkdən mədəmiz xəstəlik tutub. Aktyora nə qədər makaron, qreçka verərlər? Geyim problemi də çoxdur. Biz öz geyimlərimizlə gəlib niyə filmlərdə çəkilməliyik ki? Belə getsə hələ bir müddət də çəkilməyəcəm. Mən heç bir aktyor-aktrisanı qınamıram. Məncə hamı sözünü bir yerə qoyub az qonorara çəkilməməlidir. Bazarı öldürən ucuz qonorara çəkilənlərdir. Hər kəs qonorarını qaldırsa, rejissor da məcbur olub aktyoru çəkmək üçün onun istədiyi qonorarı verəcək". Əli Əsgər, Medianews.az

Bizə qoşulun