Medianews.az
Azərbaycan bu ölkənin qaz təminatında iştirak edə bilər - <span style=color:red>Ekspert
257 baxış

Azərbaycan bu ölkənin qaz təminatında iştirak edə bilər - Ekspert

Azərbaycan Suriyanın qaz təminatında iştirak edə bilərmi? Medianews.az-ın sualına iqtisadçı ekspert İlham Şaban belə cavab verib: “Bəli, iştirak edə bilər. Türkiyə vasitəsi ilə. Azərbaycan Türkiyə bazarında ildə 10 milyard kubmetr ətrafında qaz satır. Qaz Türkiyəyə iki kəmərlə daxil olur: Bakı-Tiflis-Ərzurum (bu kəmər Gürcüstan-Türkiyə sərhədində BOTAŞ-ın qaz infrastrukturuna qoşulur) və Genişləndirilmiş Cənub Qafqaz Boru kəməri ilə (bu kəmər Gürcüstan-Türkiyə sərhədində TANAP-a birləşir)”. “Türkiyədən Suriyaya qazı ötürmək mümkündürmü?” sualına cavab olaraq ekspert bildirib ki, hazırda mümkündür: “Belə ki, artıq Türkiyə və Suriya arasında yeni qaz kəməri çəkilib. 2025-ci ilin mayında Türkiyə və Suriya hökumətləri Türkiyə ilə sərhəd Kilis şəhəri ilə Suriyanın Hələb şəhərini birləşdirən qaz kəməri vasitəsilə təbii qazın tədarükünə dair razılığa gəliblər. Bu kəmərlə Suriyadakı Hələb və Xüms elektrik stansiyalarının ehtiyacları üçün gündə 6 milyon kubmetrə qədər (ildə təxminən 2 milyard kubmetr) qaz tədarük etməyə imkan verir”. Bəs Azərbaycanın Suriyaya qaz vermək üçün balansında ehtiyat varmı? İlham Şaban: “Əgər Azərbaycan Prezidenti, deyildiyi kimi buna razılıq veribsə, demək var! Azərbaycanın qaz ehtiyatları bazara bir neçə mənbə hesabına, məsələn, ölkə daxilində qaz istehlakının azaldılması hesabına çıxarıla bilər. İyunun 25-də Mingəçevirdə istifadəyə verilmiş "8 Noyabr" istilik elektrik stansiyası ildə 1 milyard kubmetr qazın istehlakını azaltmağa qadirdir. Demək, cari ildə 500 milyon kubmetr ətrafında qaza qənaət edilməsi mümkündür. Azərbaycanın qaz ehtiyatları bazara alternativ enerji mənbələrindən elektrikin istehsalının artımı hesabına da çıxarıla bilər. Artıq avqustda Səudiyyə Ərəbistanının “Acwa Power” şirkəti 240 MVy gücündə olan "Abşeron-Xızı" külək elektrik stansiyasını mərhələli şəkildə istismara verəcək, cari ilin son rübü ərzində stansiya tam şəkildə tikilib başa çatacaq. Bu isə cari il üçün daha 100 milyon kubmetr təbii qaza qənaət deməkdir. SOCAR-ın "Azəriqaz" İB bu il qaz itkisini azaltmaq məqsədi ilə istər Abşeron yarımadasında, istərsə də regionlarda qaz infrastrukturunun təmiri və bərpa edilməsi işlərini həyata keçirir. Düzdür, rəsmən elan etməyiblər ki, bu görülən işlər nəticəsində texniki itkiləri nə qədər azaldacaqlar, amma azalacağı labüddür, əks təqdirdə əlavə vəsait xərcləməyin mənası nədir?" İ.Şabanın fikrincə, burada iqlim faktorlarını da bir mənbə kimi qeyd etmək olar: "Dövlət Statistika Komitəsinin cari ilin beş ayının məlumatları əsasında deyə bilərik ki, ölkədə istehsal edilən elektrikin təqribən 85%-i qazın yandırılması hesabına əldə edilib. Amma havaların bir tərəfdən sərin keçməsi (mən özüm bu il evdə hələ bircə dəfə də olsun kondisioner və ya sərinkeşdən istifadə etməmişəm) ölkə daxilində elektrik enerjisi istehlakını azaldan amildir ("Azərişıq" bu haqda məlumat verməsə də, amma gözlə görünən budur). İkinci amil isə bu yaz-yay mövsümündə yağışın miqdarının artmasıdır. Çaylarda su bolluğunun artımı su elektrik stansiyalarında istehsalın kifayət qədər çoxalması ilə bağlı bir məsələdir. Göründüyü kimi, Azərbaycan yeni qaz yataqlarının işlənməsinə başlamadan belə cari il üçün xarici bazarlara əlavə mavi yanacaq həcmləri çıxartmaq imkanına malikdir”. Toğrul Əli, Medianews.az

Bizə qoşulun