Medianews.az
Rus imkan versəydi...
309 baxış

Rus imkan versəydi...

Rusiya əl çəkməyəcək... Min oyundan çıxacaq, tələ quracaq, namərd fəndlərini işə salacaq, təhdid edəcək... Başqa nə edə bilirlər ki?.. Putinin əlindən ancaq bu cür işlər gəlir. Amma qazanmayacaq. Həm də belə nə qədər davam edəcək ki?.. Hamısı bəhanədir. Rusiya ilə Azərbaycan arasında, əgər Rusiyanın istəyi olmasa, hansı dövlət, kim nifaq sala bilər? Heç bir qüvvə! Çar narahatdır, çünki iki ölkə - Azərbaycanla Ermənistan arasında sülh Kreml üçün çox böyük məğlubiyyət ola bilər. Cənubi Qafqazın taleyi Azərbaycanın məlum mövqeyindən, eyni zamanda da iddiasız bir ölkə kimi güzəştlərə getməyə hazır olan və 44 günlük müharibədə işğalçı tərəf kimi uduzan, tədricən Rusiya imperiyasının, Putinin asılılığından tam qurtulmağa çalışan Ermənistanın davranışından asılıdır. Əslində, Paşinyan və Ermənistan üçün Azərbaycanın dövlət başçısı böyük bir şans verib. Yəqin ki, Ermənistan hakimiyyəti bunu dəyərləndirə biləcək, başqa yolları da yoxdur. İndiyədək baş tutan görüşlər, siyasi dialoqlar bir daha sübut etdi ki, Prezident İlham Əliyevin nə istədiyini və haqlı tələblərini Baş nazir Nikol Paşinyan da çox yaxşı anlayır, amma ortada Rusiya amili olduğuna görə tərəddüdləri, qorxuları var. Sözsüz ki, qıcıqlanacaq, qəzəblənəcək, bu danışıqları pozmaq üçün əlindən gələni edəcək, amma... Putin məğlubedilməz deyil, ona dirəniş göstərmək mümkündür. Ukraynaya qarşı işğalçı savaş aparan, sanksiyaların altında çırpınan, hərbi resursları tükənən Rusiyanın nəhəng mifini dronlar çoxdan darmadağın edib və daha heç kimi Putinin təhdidləri qorxutmur, çünki artıq o, dövlət başçısı kimi hətta nüvə müharibəsinə başlamaq səlahiyyətlərini belə qismən itirib. Kreml çevrəsi bu gedişlə Putin üçün yeni ssenari də hazırlaya bilər. Son zamanlar hiss olunur ki, çıxışlarına xeyli redaktələr edir və artıq o, nüvə mövzusunu əvvəlki kimi çox qabartmır. Yəqin bunun da ciddi səbəbi var, bəlkə də Putinin "düyməyə toxunmaq" səlahiyyəti də məhdudlaşdırılıb, kim bilir?.. Sayı artan NATO ölkələrinin, xüsusilə Polşanın, Finlandiyanın və Baltikyanı dövlətlərin Rusiya sərhədlərindən boylanması Putini çıxılmaz vəziyyətə salıb. İqtisadiyyatı hər gün çökən, Ukraynada uduzduğunu etiraf etməyə belə qorxan Putini bizim oyundan kənar qoymaq da, ona "qarışma" demək də mümkündür. Və Azərbaycan dövlətinin bunu edə biləcək bir siyasi gücü də var. Əli hər yerdən üzülən şər Rusiya Qafqazda yeganə söz sahibi olmaq iddiasındadır. Həm də indiki dövrdə. Budur imperiyanın xisləti. Siyasi gedişat sübut edir ki, Azərbaycan və Ermənistan öz aralarında vasitəçisiz dil tapa bilər. Üstəlik də, məğlub tərəfin bunu istəməsi ölkəmizin işinə yarayır. ...Rus imkan versəydi... Oqtay Qorçu

Bizə qoşulun