Medianews.az
"Qaynana” filminin Afətini kimlər küsdürdü? - “Otel yox, kinostudiyada gecələdi, yoldaşımın paltarlarını geyinirdi” - <span style=color:red>ÖZƏL FAKTLAR
486 baxış

"Qaynana” filminin Afətini kimlər küsdürdü? - “Otel yox, kinostudiyada gecələdi, yoldaşımın paltarlarını geyinirdi” - ÖZƏL FAKTLAR

“Qaynana” filminin məşhur gəlini Afət, Rusiyanın əməkdar artisti İnara Quliyeva haqda indiyə qədər heç bir məlumat yoxdur. Maraqlısı burasındadır ki, əslən azərbaycanlı olan və bir neçə məşhur filmlərimizdə rol alan aktrisanın bu gün ölkəmizlə heç bir əlaqələri yoxdur. Medianews.az-a açıqlama verən xalq artisti, “Şöhrət” və “Şərəf” ordenli rejissor Oqtay Mirqasımov bildirib ki, İnara Quliyevanı ilk dəfə Azərbaycana məhz o gətirib: “İnara xanımla bizim tanışlığımız film çəkilişində olub. “1001-ci qastrol” filmi üçün Moskvaya getdim ki, aktrisaları seçim. Musiqili bir film idi, Rəşid Behbudova həsr olunmuşdu. Özü də baş rollardan birini oynayırdı. İnaranın əslən azərbaycanlı olduğunu biləndə onu sınaq çəkilişlərinə dəvət etdim. Sonra da İradə roluna təsdiqləndi və biz İnara xanımı həmin filmdə çəkdik. Bundan sonra da “Azərbaycanfilm” kinostudiyası çox yaxşı bir kadr əldə etdi. “Alma almaya bənzər”, “Qaynana” və s. filmlərdə çəkilməyə başladı. Birinci dəfə onu Moskvadan Azərbaycana mən gətirmişəm” deyə sənətkar bildirib. Oqtay Mirqasımov bildirib ki, hazırda aktrisa ilə heç bir əlaqəsi yoxdur: “Mənim həyat yoldaşım da ona çox hörmət edirdi. Biz ailəlikcə dostlaşdıq. Qızım Ayan xanım onunla bacı kimi oldu. Yoldaşım Nailə xanım da ona öz geyimlərindən seçib verirdi. Hətta filmlərdə də bu geyimlərlə çəkilirdi. Gəlirdi bizə, otururdu, çay içirdi, yemək yeyirdi, söhbət edirdik. Bu gün heç bir əlaqəmiz yoxdur. Mənim “Qisas almadan ölmə” adlı bir filmim var idi. 2013-2014-cü illər idi. Mixalkov o vaxt Mədəniyyət Nazirinə zəng etdi və dedi ki, istəyirik Moskvadakı Kino evində bu filmin təqdimatını təşkil edək. Mən İnara xanımı o vaxt həmin təqdimata dəvət etdim. Gəldi, baxdı və təbrik etdi. Sonra bu film Gürcüstanda baş mükafat da olmaqla bir neçə mükafat qazandı. Bundan başqa Almaniyada, İsveçdə, İsraildə təqdim olundu və təqdimat da allqışlarla keçdi” deyə sənətkar bildirib. Aktrisa ilə “Qaynana” filmində birlikdə çəkilən xalq artisti, Akademik Musiqili Teatrın aparıcı aktyoru İlham Namiq Kamal da bildirib ki, aktrisa ilə sonuncu dəfə elə film çəkilişlərində görüşüb: “ “Qaynana” filmində birlikdə çəkilmişik. Çox gözəl, təbii aktrisa idi. Sovetlər dövrü dağılandan sonra əlaqələrimiz itdi. Məlumatım bircə odur ki, Rusiyadakı teatrlardan birində çalışır. Hətta televiziyalar üçün senarilər də yazır. Əlbəttə ki, illər sonra bir araya gəlmək maraqlı olar. O bir neçə filmdə çəkildi və ona deyərdim ki, şöhrəti də məhz “Qaynana” filmi gətirdi” deyə aktyor bildirib. Dövlət Film Fondunun direktoru, Əməkdar İncəsənət xadimi Cəmil Quliyev isə bildirib ki, aktrisa film çəkilişlərindən birində inciyib və bir daha Azərbaycana gəlməyib: “Təxmin 1984 yaxud da 1985-ci il idi. Bir film çəkilirdi. İnara xanımı da ora dəvət etdilər. Elə oldu ki, çəkiliş qruppasının arasında uyğunsuzluq yarandı. Axşama qədər o kinostudiyanın boş və qaranlıq otağında qaldı. O vaxt mehmanxana problem idi və ondan xahiş etmişdilər ki, bir gecə orada qalsın. Başa düşürəm, qadın xeylağıdır, məşhur aktrisadır. O şəraitsiz yerdə necə qala bilərdi? İnara xanım səhəri gün biletini alıb, çıxıb getdi və bir daha geri dönmədi. Həmin filmdə çəkilməkdən də imtina etdi. Onun fəxri ada görə incidiyini də əsas göstərənlər var. Mən bu haqda heç bir söz deyə bilmərəm. Təxminən 1 il əvvəl isə “O üz” verilişində İnara xanımla müsahibə etmişdilər. Mən onu dinlədim və çox kövrəldim. Sanki “Alma almaya bənzər” filmində çəkildiyimiz illərə bir daha geri döndüm. Mənim üçün də böyük sürpriz oldu” deyə Cəmil Quliyev bildirib.

Bizə qoşulun