Medianews.az
Azərbaycan təhsilə uyğunlaşdırılmış ilk böyük dil modelini hazırlayır – <span style=color:red>EduAzGPT
74 baxış

Azərbaycan təhsilə uyğunlaşdırılmış ilk böyük dil modelini hazırlayır – EduAzGPT

Belə görünür ki, Azərbaycan süni intellekt sahəsində təhsil üçün uyğunlaşdırılmış ilk böyük dil modelini – EduAzGPT-ni formalaşdırmaq niyyətindədir. Ötən günlər Dubayda keçirilən görüşlərdə Elm və Təhsil Nazirliyinin nümayəndə heyəti ilə “Microsoft”un regional komandası təhsilə uyğunlaşdırılmış LLM (Large Language Model) qurulması ideyasını müzakirə ediblər. Elm və təhsil nazirinin müavini Həsən Həsənovun rəhbərlik etdiyi heyət təhsilə yönəlik LLM yaradılması üzrə texniki planlama sessiyalarda iştirak ediblər. Ümumiyyətlə son zamanlar müşahidə olunur ki, inkişaf etmiş ölkələr süni intellekti müxtəlif sahələrdə, o cümlədən də təhsil sahəsində tətbiq etməyə ciddi önəm verirlər. Məsələn: Sinqapur – EduGPT ilə siniflərə fərdi AI tədrisi gətirir. ABŞ – Khan Academy GPT ilə şagirdlərə AI müəllim təqdim edir. Çin və Koreya məktəblərində də AI müəllim köməkçiləri istifadə olunur və s. Azərbaycanın da bu istiqamətdə işlərə başlaması təqdirəlayiqdir. EduAzGPT nədir? EduAzGPT – Azərbaycan təhsil sisteminə və Azərbaycan dilinə uyğunlaşdırılmış süni intellekt modelidir. Bu model: - Şagirdlərə məhz fərdi öyrənmə təcrübəsi təqdim edə biləcək - Müəllimlərə dərs planı, qiymətləndirmə və rəqəmsal köməkçi funksiyaları verəcək - Təhsil idarəçilərinə məlumat əsaslı qərarlar üçün dəstək göstərəcək - Azərbaycan dilində bilik bazası formalaşdıracaq və s. Düşünürəm ki, EduAzGPT-nin yaradılması Azərbaycanın təhsil sistemi üçün ciddi irəliləyiş ola bilərdi. Bu model müəllim və şagirdlərə süni intellekt əsaslı fərdi yanaşmaya dəstək verəcək, eyni zamanda Azərbaycan dili üçün ilk geniş bilik bazasının təməlini qoyacaq. Əgər EduAzGPT kimi bir model xarici dildən və ya xarici platformalardan asılı olmadan, Azərbaycanın özündə, öz dilində və öz məlumatları ilə işləyirsə bu , həm rəqəmsal suverenlik, həm də milli dilin AI dövründə yaşaması baxımından da strateji addımdır. Yeri gəlmişkən, bu görüşlərdə diqqət çəkən bir məqam da var. Microsoft bir neçə il öncə Azərbaycandakı ofisini bağlasa da, Dubayda keçirilən son görüşlər göstərdi ki, əməkdaşlıq ruhu və strateji təmaslar hələ də yaşayır. Osman Gündüz, Azərbaycan İnternet Forumunun rəhbəri, Multimedia Mərkəzinin direktoru

Bizə qoşulun