“Sənətdə çox qısqanclıqlarla üz-üzə qalmışam. Birbaşa deməyəcəm bu qısqanclığı konkret kimlərdən görmüşəm. O vaxt hələ kinostudiyada olanda rejissor konkret deyib ki, səni çəkəcəyəm, hazırlaşmışam, hətta paltar da tikməyə başlayıblar. Sonra xəbər çıxıb ki, başqa aktrisa çəkilir. Bədii Şura deyib ki, filan aktrisa çoxdandır çəkilmir, qoy o çəkilsin. Bu şikayət deyil, gileylənmirəm də. Amma ömür boyu teatrda, kinoda, hətta dublyajda da həmişə arxamda bir maneə hiss etmişəm. Bu məni daim, həyatım boyu təqib edib”
Bunu
Medianews.az-a açıqlamasında əməkdar artist
Nəcibə Hüseynova deyib.
Aktrisa uzun illərdir dublyaj sahəsində çalışdığını bildirib. O deyir ki, bəzən rejissor məcburiyyətdən çəkdiyi qəhrəmanın səsləndirməsini həyata keçirib.
“Olurdu da, aktrisa gənc olub, rejissora yetkin qadın səsi lazım olub. Bu zaman mənə müraciət ediblər. Sevimli rejissorum Rasim Ocaqovun silsilə filmlərini səsləndirmişəm. Özü də onun xahişi, istəyi ilə. Bəzən də aktrisa hansısa xarici ölkədə olub, səsləndirməyə gələ bilməyib və məndən xahiş ediblər ki, onu səsləndirim. “Təhminə” filmi səsləndirdiyim filmlərdən biridir. Mən sadəcə olaraq öz işimi görmüşəm. Uzun illər Meral Konrat bilmirdi ki, onu Azərbaycandan kim səsləndirib? Hətta deyirdi ki, film öz səsimlə çəkilib. Tamaşaçılar da elə bilirdilər ki, filmdəki səs özünündür. O bilirsiniz nəyi nəzərdə tuturdu? Çəkiliş vaxtı o bütün filmdəki ssenarini əzbərləmişdi, amma tələffüzü əlbəttə ki, təmiz deyildi, hiss olunurdu ki, əcnəbi aktrisa danışır. Ona görə də Rasim Ocaqov onu dublyaj etdirmək qərarına gəlir. Bir neçə il keçəndən sonra özünün də xəbəri olmadan məni onunla görüşdürüb, bizi tanış etdilər. O özü də təəccübləndi və məni ürkək baxışlarla süzdü. Sonra təşəkkür etdi. Bu görüşdən sonra bir neçə dəfə də görüşdük, gördüm ki, artıq yumşalıb. Əvvəllər çox qısqanırdı. Bilirsiniz niyə? Çünki o vaxt tamaşaçılar deyirdilər ki, biz elə bilirdik ki, öz səsidir, buna görə onu sevmişdik. Sən demə o deyilmiş. Yəqin ki, bu sözlər Meral xanımın da qulağına çatıb, bir az bu sözlər onu məyus edib” deyə aktrisa bildirib.
Əli Əsgər
Medianews.az