Röya Ayxan və Anar Ağakişiyevin Kann Film Festivalı qırmızı xalçasına çıxma xəbərləri mediada tirajlanır və böyük müzakirələrə səbəb olub.
Bloqçu Fərid Pərdəşünas hesab edir ki, bu məsələni bir az aydınlaşdırmaq lazımdır.
Medianews.az-a açıqlamasında Fərid Pərdəşünas deyib ki, Röya Ayxanın aldığı "Azərbaycan musiqisinin mədəniyyət səfiri" mükafatının Kann Film Festivalı ilə yaxından-uzaqdan əlaqəsi yoxdur: “Bu mükafat həmin tarixdə, həmin ərazidə keçirilən kənar tədbirdir və kiçik bir "Instagram" səhifələri var, saytlarını da tapa bilmədim”.

Kannın qırmızı xalçasına çıxmağın çətin bir məsələ olmadığına diqqət çəkən Fərid Pərdəşünas bildirib ki, o özü 2018-ci ildən bu yana həmin xalçaya dəfələrlə çıxıb: “Həmin xalçada bircə "salto" vurmağım qalıb. Üstəlik, mən Kannın digər yaradıcılıq tədbirinə də rəsmən media təmsilçisi kimi dəvət alıram.
Röya Ayxan və Anar Ağakişiyevin bu xalçaya çıxması şəxsi işləridir və əlaqələrindən asılıdır. İstədikləri kimi geyinərlər, şəkil çəkdirərlər və paylaşarlar. Lakin bunu mediada uğur kimi qələmə vermək (və ya verdirmək), ölkə adına danışdırtmaq doğru deyil.

Faktiki olaraq uğur — orada göstərilən filmlərin yaradıcı heyətində yer alaraq o qırmızı xalçaya çıxmaqdır. Bu isə indiki halda aktual olmayıb. Film festivalına tanış dəvəti, media qeydiyyatı və digər əlaqələrlə giriş alıb iştirak etmək mümkündür. İstəyən olsa, gələn il 10 min dollara göndərə bilərəm.
Uğura gəlincə, düşünürəm ki, Röya xanım elə eyni şəhər və elə eyni binada keçirilən "NRJ Music Awards"da səhnə alması daha doğru olardı. Çünki NRJ müğənni yarışı və mükafatıdır. Burada qazanmaq isə o qədər də asan məsələ deyil.
Məncə, daha yaxşı danışılmalı olan məsələ bu il ilk dəfə Kann Film Festivalında bir Azərbaycan mediasının (Filmaç) Hacı Səfərov timsalında təmsil olunmasıdır”.
Toğrul Əli,
Medianews.az