“Tehrandakı səfirliyimizə silahlı basqın etmiş şəxslə bağlı edam hökmünün icra olunması İran-Azərbaycan münasibətlərinin normallaşmağa başladığını göstərir”.
Politoloq Xaqani Cəfərli Medianews.az-a açıqlamasında belə deyib.

O xatırladıb ki, səfirliyə edilən hücum iki ölkə arasında diplomatik gərginliyə səbəb olmuşdu: “Səfirliyimizə silahlı basqın etmiş şəxsin edam olunmasında İran Prezidenti Məsud Pezeşkianın birbaşa rolu olduğunu söyləmək çətindir, amma hökmün icraya yönəldilməsində Pezeşkianın prezident seçilməsinin təsiri var. Aydın görünür ki, İranda ciddi bir proses gedir. Azərbaycanlıların siyasi prosesə təsiri artır. Kəmiyyətin keyfiyyətə keçməsi prosesi müşahidə olunur. Yəni İranın ən azı yarısını təşkil edən soydaşlarımız İran cəmiyyətində gedən bütün proseslərə təsir etməyə başlayıblar. Qənaətimcə, zamanla bu təsir daha da artacaq. Ona görə də irəlidə Tehranın siyasətinin daha çox Azərbaycanyönlü olacağı istisna edilməməlidir".

X.Cəfərli vurğulayıb ki, İranda indi müşahidə etdiyimiz hadisələri, prosesləri bir neçə il öncə təsəvvür etmək belə mümkün deyildi: "Aydın görünür ki, İran sürətlə dəyişir və Güney Azərbaycan faktoru həlledici məsələyə çevrilir. Lakin bununla barışmaq istəməyən qüvvələr də var. Belə qüvvələrin təxribatları da istisna olunmur. Fars Xəbər Agentliyinin 69-cu "Avroviziya" mahnı müsabiqəsində Azərbaycanın İsrailə ən yüksək bal verməsi ilə bağlı şərhi də həmin təxribatlardan biridir”.

Xatırladaq ki, 2023-cü il yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30-da İran İslam Respublikasının vətəndaşı Yasin Hüseynzadə “Kalaşnikov” markalı avtomat silahla Azərbaycan Respublikasının Tehrandakı səfirliyinin mühafizə postunu yararaq mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin əməkdaşları Vasif Tağıyev və Mahir İmanov hücumun qarşısını alarkən yaralanıblar.

Azərbaycan Xarici İşlər Nazirliyi yanvarın 30-da səfirliyin əməkdaşlarını Tehrandan təxliyə edib və səfirliyin fəaliyyəti dayandırılıb. Hücum aktı ilə bağlı Azərbaycan Dövlət Təhlükəsizlik Xidmətində Azərbaycan Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.
2023-cü il fevralın 3-də Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Əsgərov Orxan Rizvan oğlu (ölümündən sonra) "Vətən uğrunda" medalı ilə təltif edilib. Tağıyev Vasif Natiq oğlu 1-ci dərəcəli “Rəşadət” ordeni, İmanov Mahir Kamil oğlu “Vətən uğrunda” medalı ilə təltif edilib.

Hadisədən sonra Azərbaycanın Tehrandakı səfirliyinin fəaliyyəti dayandırılıb. Azərbaycanın İrandakı səfirliyinin əməkdaşları və ailə üzvləri 2023-cü il yanvarın 29-da Tehrandan Bakıya təxliyə olunub.
İki dövlət arasında aparılmış danışıqlar nəticəsində 2024-cü il iyulun 15-dən etibarən Azərbaycanın İrandakı səfirliyi yeni ünvanda fəaliyyətini bərpa edib, səfir və səfirliyin heyəti İrana geri dönüb.

Terror aktını törədən Yasin Hüseynzadənin iki il məhkəməsi keçirilib. Məhkəmədən sonra İran Ədliyyə Nazirliyi onun barəsində edam hökmünün çıxarıldığı barədə məlumat yayıb. İran Ali Məhkəməsi səfirliyə hücum edən şəxslə bağlı ölüm hökmünü təsdiqləyib və iş Tehrana cinayət hökmlərinin icrasına göndərilib. 2025-ci il mayın 21-i səhər Yasin Hüseynzadə edam olunub.
Nailə Qasımova,
Medianews.az