Medianews.az
54 gün düşmən mühasirəsində qoruduğu bayrağı muzeyə hədiyyə verir - <span style=color:red>“Əhd etmişdim ki...” - FOTO
227 baxış

54 gün düşmən mühasirəsində qoruduğu bayrağı muzeyə hədiyyə verir - “Əhd etmişdim ki...” - FOTO

“54 gün mühasirədə qaldığım Laçına, Oğuldərə kəndinə getmişəm. Mühasirədə qaldığımız yeri də gedib gördüm. Hələ ki, Oğuldərə kəndində yaşayış evləri tikilməyib, məskunlaşma yoxdur. Arı təsərrüfatı, heyvanat saxlayanlar 2-3 ay yay fəslində gedir, sonra qayıdıb gəlirlər. 6-7 kəndi birləşdirib bir qəsəbə edəcəklər. Allahdan istəmişəm ki, ömrümün qalan hissəsini o kənddə yaşayım. O ümidlə yaşayırıq” Bunu Medianews.az-a açıqlamasında 54 gün düşmən mühasirəsində qalan və bayrağımızı bir an olsun belə əlindən yerə qoymayan 1-ci Qarabağ müharibəsinin iştirakçısı Şakir İsgəndərov deyib. O bildirib ki, may ayının 23-də o və 18 nəfər yoldaşı düşmənin mühasirəsindən azad olublar: “May ayının 23-ü gününü xüsusi qeyd edirik. Biz belə razılaşmışıq ki, doğum günümüzü may ayının 23-də qeyd edək. Çünki may ayının 23-də biz yenidən doğulmuşuq. 4 tərəfimiz mühasirədə, çıxmaq ümidi olmayan bir yerdən Allahın köməyi ilə xilas olmuşuq. Düzdü, radiomuz var idi, əlaqə saxlaya bilirdik. Yeyib-içməyimiz yox idi. Biz nə qədər dözsək də bu bəs etmirdi. Öz kəndimdə mühasirədə qaldığım üçün oraları da yaxşı tanıyırdım. Hərdən kəşfiyyata da çıxırdım, gedib evlərdən qalan qidaları tapıb gətirirdim. 54 gündən sonra ermənilər hiss etdilər ki, biz kənddə qalmışıq. Ermənilərə yerimizi də at nişan vermişdi. Çünki 4 atımız var idi”. Şakir İsgəndərov deyir ki, 54 gün mühasirədə sarıldığı bayrağı Laçında yaradılacaq muzeylərdən birinə hədiyyə edəcək: “Biz mühasirəyə düşən zaman mənim üzərimdə balaca Quran və bayraq var idi. Əhd etmişdim ki, Laçın alınanda onu bacımgilin qapısından asım. 32 ildir ki, həmin bayraq məndədir. Quran kitabını da saxlayıram. Çox adam məndən istəyib, amma verməmişəm. Həmin bayrağı Laçındakı muzeylərdən birinə hədiyyə verəcəm. Hələ ki, muzey yaradılmayıb, yaradılsa təqdim edəcəm. Məndən sonra qoy həmin muzeydə onu qorusunlar”. Əli Əsgər Medianews.az

Bizə qoşulun