Azərbaycanda 70-120 min nəfərin öldürüldüyü ehtimal edilir
28 aprel 1920-ci ilin Azərbaycana gətirdiyi təlatümlər
Uzun illər 1920-ci ilin 28 aprelini, sosializmi bəlağətli ifadələrlə beynimizə doldurmuşdular. Həqiqət təhrif olunaraq saxta tarixşünaslıq yaradılmışdı. Qənaətimcə, 28 aprel 1920-ci il işğalını və bu təcavüzün acı nəticələrini heç zaman unutmamalıyıq.
Totalitar sovet rejimi dövründə ən böyük zərbəni xalqın intellektual mülkiyyət sahibləri aldı. Həmin dövr ərzində minlərlə Azərbaycan ziyalısı Sibirə, Qazaxıstana və digər yerlərə sürgünə göndərilib. Əslində, Azərbaycan cəmiyyətinin ağıllı, elmli, istedadlı, əməksevər, mənəviyyatlı təbəqəsinin çox böyük hissəsi məhv edildi. Dəhşətli faktdır ki, repressiya qurbanlarının sayına görə Azərbaycan keçmiş sovet respublikaları içərisində öndə olub. Bir xalqın, toplumun ziyalılarını qətlə yetirmək, onu uzun illər elm nurundan, təhsil işığından məhrum etmək deməkdir.
Həmin totalitar rejim dövründə cəza aparatının üzvlərinin xeyli hissəsi ermənilər idi. Onların hədəfləri Azərbaycanın tanınmış simalarını sıradan çıxarmaq, millətin intellektual mülkiyyətini məhv etmək olub.
1937-ci ilin bədii təsvirinin sözlə rəsmini çəkən tədqiqatçı alim Məcid Katibli yazırdı: “1937-ci il idi. Hər gün ağlasığmaz hadisələr baş verir, dəhşətli xəbərlər yayılırdı. Adamların qəlbində daş kimi nisgil asılmışdı. Onlar bir-biriləri ilə görüşüb danışmaqdan, hətta salamlaşmaqdan çəkinir, gözə görünməməyə çalışırdılar. Elə gün olmazdı ki, kiminsə qohumu, kiminsə dostu “xalq düşməni” elan olunmasın”.
Biz öz növbəmizdə, QHT-media təmsilçisi olaraq repressiya tarixini son bir neçə ildə tədqiqatını aparıb “Sükuta dalmış həqiqətlər: Azərbaycanın intellektual mülkiyyətinə vurulan zərbə” adlı kitabın birinci hissəsini çap etdirmişik. Bu istiqamətdə araşdırmalarımız davam edir.
Bu gün məni düşündürən odur ki, bir millət bu qədər itkilər verəndən sonra yenidən həmin itirilmiş intellektual potensialı bərpa edə bildimi? Bu sualla da birmənalı cavab tapmaq olmur.
Amma, lakin o bəllidir ki, illər keçib, nəsillər dəyişsə də hər bir xalqın, millətin itkilərinin fəsadları hiss olunur. Qeyd edək ki, 30 ildən artıq davam edən repressiya nəticəsində Azərbaycanda öldürülənlərin sayının 70-120 min nəfər arasında olduğu ehtimal edilir. Bu rəqəmlərin artıb azalması mümkündür.
Əkrəm Bəydəmirli