25.04.2025, 15:54
115 baxış
Azad
İlham Əliyev “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədəki dəyişikliyi təsdiq etdi
Prezident İlham Əliyev “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə dəyişikliyi təsdiq edib.
Teleqraf xəbər verir ki, ehtiyata və ya istefaya buraxılan şəxslərin hərbi formalarını hansı günlərdə daşıya biləcəklərinə dair qaydalar müəyyənləşib.
Belə ki, həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılarkən hərbi geyim formasını daşımaq hüququ verilmiş şəxslər həmin geyim formasını yalnız rəsmi dəvət olunduqları dövlət orqanları (qurumları) tərəfindən təşkil olunan tədbirlərdə, ehtiyata və ya istefaya buraxıldıqları dövlət orqanının (qurumunun) əməkdaşlarının peşə bayramı günlərində, habelə “Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü”ndə, “Zəfər Günü”ndə və “Azərbaycan Respublikasında Anım Günü”ndə daşıya bilərlər.
Müvafiq icra hakimiyyəti orqanı tərəfindən ehtiyata və ya istefaya buraxılan hərbi qulluqçulara (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) hərbi geyim formasını daşımaq hüququ müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir.
Silahlı Qüvvələrdən qüsursuz xidmətlərinə görə buraxılan hərbi qulluqçulara buraxılma barədə şəxsi heyət üzrə əmrlərdə və digər rəislərin əmrlərində təşəkkür elan olunur, fərmanla təltif olunur, təbriknamələr və digər mükafatlandırma tədbirləri yerinə yetirilir.
Həqiqi hərbi xidmətdən buraxılan hərbi qulluqçular buraxılma gününə kimi müəyyən edilmiş bütün təminat növləri ilə təmin olunurlar. Onlara Silahlı Qüvvələr hərbi qulluqçularının pul təminatı haqqında Əsasnamə ilə müəyyən edilmiş miqdarda birdəfəlik və işdənçıxarma müavinəti verilir.
Yaşına, xəstəliyinə və ya ştatların ixtisarına görə buraxılan kadr zabit heyətindən olan şəxslərə qüvvədə olan qanunvericiliklə nəzərdə tutulan güzəştlərdən istifadə etmək hüququ barədə vəsiqə verilir.