Medianews.az
Günəşin doğduğu tərəfdən <span style=color:red>isti mesajlar
407 baxış

Günəşin doğduğu tərəfdən isti mesajlar

Ölkə rəhbərinin Çin Xalq Respublikasına səfəri elə ilk addımlardan diqqət çəkməyə başladı. Dünya mediası bu tarixi hadisəni müxtəlif manşetlərlə tirajladı. Səfərin ən çox diqqət çəkən tərəfi Azərbaycan-Çin münasibətlərinin iqtisadi mövzuları aşaraq strateji maraqlara yüksəlməsidir. Səfərin son günü isə daha yaddaqalan oldu. Belə ki, iyirmidən çox qarşılıqlı maraq doğuran sənədlərin imzalanması, hər iki ölkəyə vizasız gediş-gəlişin razılaşdırılması gələcəyə ümidlə baxmağımıza təkan vermiş oldu. Pekində CGTN (China Global Television Network) telekanalına müsahibə verən Azərbaycan Prezidentinin yanındakı masa da çox diqqət çəkən oldu. Armudu stəkanda çay, limon, "İstisu"... Limonun bütöv halda qoyulması mənə Çinin gündoğan tərəf olduğunu, işğaldan azad olunmuş Kəlbəcər rayonunda istehsal edilən "İstisu" isə özlüyündə "sizin ərazi bütövlüyünüzü dəstəkləyirəm" deyirdi... Günəşin Şərqdən çıxması və Qərbdə batması təbiət hadisəsi olduğu kimi, özü ilə bərabər simvolik məna da kəsb edir. Armudu stəkan - mədəniyyətə hörmətin əlamətidir burada. Çay istilik, səmimiyyət, xoş ətir, rahatlıq deməkdir. Bizdə yorğuna, susuz olana, evə gələn qonağa birinci çay təklif edilir. Yan-yana qoyulan bu nemətlər xüsusi mənaları simvolizə edir və heç bir halda gözardı edilə bilməz. Qədim mədəniyyət mərkəzi olan Çin və onun xalqı "biz sizin haqqınızda bilir, sizi dəstəkləyir və hörmət edirik" deyir. Artıq aramızda heç bir "sədd" yoxdur. Ən əziz qonağa ev sahibinin deyil, qonağa xoş gələn təamlar təklif olunub. Yoxsa Çində süfrəyə düzüləcək nemətlər yoxdumu?! Çox danışmaq istəmirəm. Şəkil özü hər şeyi deyir. Dosta qürurlanmaq, düşmənə qısqanmaq düşər. Xüsusilə son beş ildir ölkəmizə tikilən nankor gözlər tökülür, uzanan əllər kəsilir. "Hegemon" dövlətlər səhvini anlayır, üzr istəyir. Müstəqillik qazandığımız tarixdən bu günə qədər ölkəmizə səfər etməmiş liderlər artıq yavaş-yavaş mövqelərini dəyişməyə başlayırlar. Almaniya Prezidenti Frank-Valter Ştaynmayerin həyat yoldaşı ilə etdiyi birgə səfəri kimi. Azərbaycana "üstdən aşağı" baxan cənublu qonşularımız mütəmadi olaraq daxili işlərimizə burnunu soxan əyalət mollasını vəzifəsindən azad edən, səfirliyimizə hücum edəni cəzalandıran, həbs etdiyi tələbəmizi ölkəmizə qaytaran İran kimi. Dünya çapında daim hegemon mövqe sərgiləyib heç kəslə razılaşmayan, daim özünü haqlı hesab edən şimal qonşumuzun lideri Vladimir Putinin üzr istəməsi kimi. Bütün bunlardan sonra bizə eyforiyaya qapılmamaq, birlik və həmrəylik nümayiş etdirmək yaraşır. Güclən, Azərbaycan, güclən! Hələ bu harasıdır?! Amil Məhərrəmoğlu, sosial yazar

Bizə qoşulun