Medianews.az
Azərbaycanda iki nəhəng şirkətə yaşıl işıq?
207 baxış

Azərbaycanda iki nəhəng şirkətə yaşıl işıq?

Çinlə imzalanan strateji sənədlərdən sonra bu iki texnologiya nəhənginin -  “Huawei” və “Lenovo”nun Azərbaycandakı işləri daha da inkişaf gedə bilər. Azərbaycanla Çin arasında bu günlərdə imzalanan strateji əməkdaşlıq sənədləri yalnız vizasız gediş-gəliş demək deyil – bu əməkdaşlıq rəqəmsal iqtisadiyyat və texnologiya sahəsində də yeni dövrün başlandığını göstərir. Xatırladaq ki, İqtisadiyyat Nazirliyi ilə Çinin Kommersiya Nazirliyi arasında rəqəmsal iqtisadiyyatda investisiya əməkdaşlığı, Milli Məlumat Administrasiyası ilə rəqəmsal iqtisadiyyat üzrə əməkdaşlıq memorandumu imzalanıb. Elm, təhsil və texnologiyalar, kosmos sahəsində də strateji anlaşmalar imzalanıb. Bu sənədlər fonunda “Huawei” və “Lenovo” kimi Çin texnologiya nəhənglərinin ölkəmizdəki fəaliyyətini genişləndirməsi artıq ehtimal deyil, real perspektivdir. Bəli, vaxtilə “Çin hökuməti ilə əməkdaşlıq” ittihamı ilə beynəlxalq təzyiqlərlə üzləşən “Huawei”in Azərbaycanda da müəyyən çətinlikləri vardı. Amma son 2 ildə baş verənlər – xüsusilə yüksək səviyyəli dövlət rəsmilərinin Çinə səfərləri, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti rəhbərliyinin Çində “Huawei” rəhbərləri ilə görüşü, “Aztelekom” və “Azercell” kimi qurumların əməkdaşlığı “Huawei”in Azərbaycandakı yerini möhkəmlətmışdi. Bu həftə Prezident İlham Əliyevin Çində keçirdiyi yüksək səviyyəli görüşlər və bu səfər zamanı Azərbaycanla Çin arasında imzalanan strateji razılaşmalar “Huawei”ə yönələn "Çin hökuməti ilə əməkdaşlıq" ittihamlarının praktik olaraq aradan qalxmasına gətirib çıxara bilər. Görünən odur ki, “Nokia”, “Ericsson”, “Dell”, HP və başqa bu tip qlobal şirkətlər daha çox vuruşmalı olacaqlar. Beləliklə, proqnozlaşdırmaq olar ki:
  • “Huawei” infrastruktur və 5G sahəsində ölkəmizdə daha fəal olacaq;
  • “Lenovo” isə təhsil, biznes və dövlət sektorlarında öz mövqeyini xeyli gücləndirəcək.
Ümid edirəm təhlükəsizliyə cavabdeh qurumlarımız bu prosesdə milli maraqların qorunması və texnoloji asılılıq kimi amilləri də diqqətdə saxlayacaqlar. Osman Gündüz,  Azərbaycan İnternet Forumunun rəhbəri, Multimedia Mərkəzinin direktoru

Bizə qoşulun