21.04.2025, 11:05
98 baxış
Azad
Dubay şokoladı püstə qıtlığı yaradıb
Dubayın məşhur şokoladı demək olar ki, beynəlxalq səviyyədə, dünya bazarında çox sürətlə püstə qıtlığı yaradıb. Medianews.az-ın məlumatına görə, Britaniyanın "The Guardian" nəşri yazır ki, artıq liderliyi ələ alan, kremli, yaşıl püstə içlikli şokolad çubuğu ABŞ-da, eləcə də İranda yetişdirilən püstə ləpələrinin qıtlaşmasına səbəb olub.
Qeyd olunur ki, bazarda böyük tələbat yaradan bu yeni məhsulun sosial mediada təbliğatı artıq Amerika ilə İranın kənd təsərrüfatı iqtisadiyyatlarına çox böyük təsir edib.
Dubayın bu kremli, yaşıl püstə içliyi olan şokoladının sosial şəbəkələrdə videoları yayımlandıqdan sonra şirniyyat məhsulu inanılmaz dərəcədə populyarlaşıb.
2025-ci ilin mart ayına qədər olan altı ay ərzində İran İslam Respublikasının istehsalçıları Birləşmiş Ərəb Əmirliklərinə öncəki 12 ay ilə müqayisədə 40%-dən çox qoz-fındıq ixrac ediblər. Dünyanın aparıcı ixracatçısı olan ABŞ-da isə ötən ilki məhsulların zəif olması səbəbindən qoz artıq qıtlaşmağa başlayıb.
"The Guardian" nəşrində dərc olunan yazıda deyilir ki, Almaniyanın ərzaqların mənşəyini, keyfiyyətini öyrənən "Stiftung Warentest" Fondu Dubayın məşhur şokoladı barədə bir müddət əvvəl fərqli məlumat yaymışdı. Fondun mütəxəssisləri bildirmişdi ki, onlar müxtəlif ölkələrdə Dubay istehsalı olan bu məşhur şokolad batonlarını geniş tədqiq ediblər və dadlı ərəb şirniyyatını böyüdücü şüşə altında yoxlayıblar. "Stiftung Warentest" Fondunun tədqiqatçıları yekunda belə bir rəyə gəliblər ki, bu qeyri-adi dada malik Dubay şokoladı çox iştaha yaradan bir məhsul olsa da, bəzi ölkələrdəki nümunələri heç də xoşagələn deyil.
Fondun mütəxəssislərinin fikrincə, dünya şöhrəti qazanmış və BƏƏ brendinə çevrilmiş Dubay şokoladının tərkibində təbii maddələrə qarışan zərərli maddələr də var.
Medianews.az