Arxeoloqlar bənövşəyi rəngin sirrini aça biliblər. Tədqiqatçılar qədim dövrlərə aid, əsasən hökmdar rəngi sayılan bənövşəyi boya hazırlayan Tir Boya İstehsal Mərkəzi tapıblar.
Medianews.az xəbər verir ki, arxeoloqlar indiki İsrail ərazisində qədim dünyanın ən prestijli əmtəələrindən hesab edilən Tir bənövşəyi rənginin uzun əsrlər boyu istehsal olunduğu çox unikal bir ərazi aşkara çıxarıblar. Tel-Şikmonada yerləşən mərkəz Dəmir dövrünün böyük hissəsi boyunca fasiləsiz olaraq fəaliyyət göstərməklə, bu qədim dövrün iqtisadi, eyni zamanda da mədəni sisteminin əsas elementinə çevrilib.

Təxminən eradan əvvəl 11-ci əsrdən 7-ci əsrə qədər Tel-Şikmonanın sahil qəsəbəsi və əsasən balıqçılıqla məşğul olan kiçik bir kənd inkişaf etməklə, bənövşəyi boya istehsalı üçün əsas mərkəzə çevrilib.
Bu tapıntıların müəllifi, tədqiqatçı Qolan Şalvinin başçılıq etdiyi arxeoloqlar qrupu tərəfindən aparılan araşdırmalar zamanı o dövrün tekstil boyama texnologiyası ilə bağlı 170-dən çox qədim predmet tapılıb. Tapıntılar arasında piqmentin çıxarılması prosesindən qalan kütləvi çənlər və eləcə də bənövşəyi ləkələri qorunub saxlanılan çoxsaylı predmetlər var.
Alimlər bildiriblər ki, bu boya "Muricidae" cinsindən olan dəniz ilbizlərinin selikli mayesindən hazırlanıb. Daha sonra çətin, çox mürəkkəb kimyəvi prosesin ardınca, sirli bir texnologiyanın köməyi sayəsində incə çalarlara malik gözəl bənövşəyi rəng əmələ gəlib ki, bu da yunu, həmçinin də digər materialları rəngləməyə qadir olan əla keyfiyyətli və etibarlı boyaya çevrilib.
Çikaqo Universitetinin arxeoloqu Qolan Şalvi yeni kəşf barədə belə deyib: "Mən oranı çox qoxulu yer kimi təsəvvür edirəm... Təsəvvür edin ki, bütün bunlar qəsəbəyə öz dövrünün çox məşhur, üç Tir rənginin qatışığını, bənövşəyi, qırmızı və mavi rəngi verib".
Qolan Şalvi həmçinin xüsusi vurğulayıb ki, bütün bu dövrlər ərzində boya istehsalı mərkəzi fasiləsiz işləyib.

İstehsalın miqyası barədə hələ ki, tutarlı dəlillər, qədim tarixi mənbələr olmasa da, alimlərin fikrincə, siyasi təlatümlərdən və hakimiyyətlərdəki dəyişikliklərdən sonra belə Tel-Şikmona eradan əvvəl 6-cı əsrə qədər öz funksiyasını yerinə yetirib.
Elm adamları “padşah boyası”nın hansı səbəblərdən istehsalının dayandığı barədə geniş araşdırmalar apardıqlarını bildiriblər.
Medianews.az