Medianews.az
"Ailəm məni itirməkdən qorxduğu üçün çəkilişlərdən imtina etdim" - <span style=color:red>Zemfira Nərimanova
469 baxış

"Ailəm məni itirməkdən qorxduğu üçün çəkilişlərdən imtina etdim" - Zemfira Nərimanova

“Sənətkar özünə də, sənətinə də, tamaşaçısına da hörmətlə yanaşmalıdır. Bunlar olandan sonra sənətlə məşğul olmaq elə də çətin deyil. Çünki bu bizim işimizdir, sənətimizlə bağlı hər bir şeyin təhsilini almışıq, öyrənmişik. Amma sənətkarın davranışları, onun cəmiyyətdə nüfuz sahibi olması özündən asılıdır. Mən sənətimə həmişə hörmət etmişəm və bu hörmətin də iki qatını tamaşaçılardan görmüşəm. Efirlərə çıxmamağım, nadir hallarda müsahibə yaxud da hansısa bir açıqlama verməyim mənim öz seçimimdir. Bununla belə tamaşaçılar hər an səninlə maraqlanır, gözləri səni axtarır.. Bir aktrisa üçün bundan gözəl nə ola bilər ki? Mən onların hər birinə təşəkkür edirəm. Təsəvvür etməzsiniz ki, onların gözəl sözləri məni nə qədər xoşbəxt edir?” Bunu Medianews.az-a açıqlamasında Akademik Milli Dram Teatrının aparıcı aktrisası, xalq artisti Zemfira Nərimanova deyib. O daha sonra film və seriallarda çəkilməməsi ilə bağlı sualları cavablandırıb: “Məni maraqlandıran bir ssenari olsa təbii ki, çəkilərəm. Bir neçə dəfə təklif gəlib. Demişən ki, əsəri göndərin, göndərməyiblər. Soruşmuşam ki, tərəf müqabillərim kimlər olacaq? Əvvəlcə sənətkarların adını çəkirlər, sonra deyirlər ki, “filankəslər olacaq, onları siz tanımırsız”. Necə yəni mən tanımıram? Onda gərək dərs keçim də onlara. Bu illər ərzində yalnız bir filmə razılıq verdim. 2 il bundan əvvəl biz 2-ci Fəxri Xiyabanda idik. Orada 2-ci Qarabağ müharibəsinin şəhidlərini yad edirdik. Yəqin ki, məni kimsə orada görüb. Orada bir kişi mənə yaxınlaşmışdı. Dedi ki, sizi tanıyıram, çox böyük hörmətim var. Soruşdum ki, sizin hansı yaxınınız burada dəfn olunub? Dedi ki, yeganə oğlum.. Söylədi ki, həyat yoldaşımla da yola getmirik. Küsmüşük.. Dedim ki, necə yəni? Yeganə oğulu itirmisiz və xanımınızla da siz danışmırsız.. Belə şey olar? Soruşdum ki, günah kimdədir? Dedi ki, mənim qohumlarımda.. Ona dedim ki, siz mütləq gedib həyat yoldaşınızın ayağına düşməlisiz. Onunla barışmalısız, münasibətlərinizi düzəltməlisiz. O da sizi bağışlamalıdır. Dedi ki, olar telefonunuzu götürüm? Dedim ki, xeyr, inşallah barışandan sonra gələrsiz teatra, bu əhvalatı orada deyərsiz və sizin yanınızda mənimlə əlaqə saxlayacaqlar. Bu hadisədən sonra evə gəldim. Mən 2 gecə yatmadım. Yəqin ki, kimsə bu hadisəyə şahidlik edib yaxud da eşidib. Çünki sonra mənə təklif gəldi. Filmin prodüsseri də çox mötəbər bir insan idi. Sifarişlə çəkiləcək film idi. Nə qədər istəsəydim pul verəcəkdilər, hətta 20 günlərlə məni gözləyəcəkdilər də.. Bilirdilər ki, mən xarici ölkələrə tez-tez gedib gəlirəm. Amma indi Bakıda oturmuşam. Bütün şərtlərimə razı idilər. Dedim ki, mənim orada rolum nə olacaq? Dedilər ki, şəhid ailəsinə gedəcəyik, orada görüşlər olacaq. Mən razılaşdım. Təbii ki, ordan alacağım qonorarı mən özüm xərcləməyəcəkdim. O pulları mən həmin ailələrə verəcəkdim. 100 faiz. Xasiyyətimi hər kəs bilir. Evə gəldim dedim. Dedilər ki, sən həmin hadisədən sonra 2 gecə yatmadın, indi bu filmə çəkiləndən sonra necə olacaqsan? Ailəm qorxdu ki, məni itirərlər. Çünki hər şeyi ürəyimə salıram. Əfsuslar olsun ki, imtina etdim. Çünki ailəmə mən baxıram. Təbii ki, maraqlı ssenari və rejissor işi olsa böyük məmnuniyyətlə çəkilərəm” deyə xalq artisti bildirib. Onu da qeyd edək ki, sənətkar teatr fəaliyyəti ilə yanaşı uzun illər Mədəniyyət və İncəsənət Universitetində pedaqoji fəaliyyətlə də məşğul olub. Onun dərs dediyi tələbələrin əksəriyyəti bu gün ölkənin müxtəlif teatrlarında çalışır və filmlərə çəkilir. Sənətkar çox nadir hallarda müsahibə verir. Əli Əsgər, Medianews.az

Bizə qoşulun