Aprelin 16-da Bakıda Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının 10-cu iclası keçirilib. Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayevlə Çinin kommersiya nazirinin müavini və ticarət üzrə beynəlxalq nümayəndəsi Lin Cinin sədrlik etdiyi iclasda o da bildirilib ki, turizm sahəsində əlaqələr inkişaf edir, qarşılıqlı turist axını artır. Qeyd edilib ki, ötən il Azərbaycana gələn Çin turistlərinin sayında əhəmiyyətli artım olub. Burada Azərbaycanın Çin vətəndaşları üçün birtərəfli qaydada vizanı ləğv etməsi mühüm rol oynayıb. Eyni zamanda vurğulanıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin Çinə səfəri çərçivəsində qarşılıqlı vizasız gediş-gəlişi haqqında sazişin imzalanması gözlənilir.

Qarşılıqlı vizasız gediş-gəliş haqqında saziş imzalasa, yəni Azərbaycan vətəndaşları Çinə vizasız gedib-gəlmək imkanı qazansa, bu, Azərbaycana nə verəcək? Ölkədə hansı sahələrdə (siyasətdən tutmuş iqtisadiyyata, kənd təsərrüfatına, yeni texnologiyalara və başqa sahələrə qədər) dəyişikliklər baş verə bilər?

Yeri gəlmişkən, bir məqama da toxunaq. İllər öncə Azərbaycanda çinlilərin sayı artmışdı. İstər paytaxta, regionlarda, hətta ucqar kəndlərdə belə xırda ticarətlə, fəhləliklə, muzdlu işlə məşğul olan çinlilərə rast gəlinirdi. Sonra, belə demək mümkünsə, onlar "yoxa" çıxdılar. Azərbaycanın Çin vətəndaşları üçün birtərəfli qaydada vizanı ləğv etməsi belə bir tendensiyanın yenidən baş qaldırmasına gətirməyib. Qarşılıqlı vizasız gediş-gəliş haqqında saziş imzalansa, əks tendensiya - azərbaycanlıların Çinə axışması baş verə bilərmi?
Mövzu ilə bağlı Medianews.az-a danışan iqtisadçı Natiq Cəfərli bildirib ki, çinlilər - vətəndaşı ən çox səfər edən ölkə statusundadır: “Bu, təbiidir. Həm də onların sayları çoxdur – 1,5 milyard nəfərdirlər. Üstəlik, Çində artıq təqribən 450-500 milyon nəfərə yaxın orta sinif formalaşıb. Onlar səyahət etməyi çox sevirlər. Hətta münasibətləri gərgin olsa da, Çin hər il ABŞ-yə ən çox turist səfəri edən xarici ölkələrin ilk üçlüyündə yer alır. Çinlilər Avropaya da çox səfər edirlər. Turizm baxımından Azərbaycanın Çinin potensialından istifadə etməsində fayda var. Çinli turistlərin Azərbaycana gəlməsini təmin etmək yaxşıdır. Qarşılıqlı vizasız gediş-gəliş bu prosesə daha bir təkan ola bilər”.

N.Cəfərli vurğulayıb ki, Çinə iş və ya başqa məsələlər üçün gedən azərbaycanlıların sayı da az deyil və bu proses xeyli vaxtdır davam edir: “Kimin imkanı, fürsəti, iş imkanı varsa gedir. Amma kütləvi axın olmayacaq. Çünki Çin ayrı bir dünya, mədəniyyətdir. Dili, yaşam tərzi çətindir, bizə uyğun deyil. Heç mətbəxi də uyğun deyil. Ona görə vizasız gediş-gəliş fürsəti yaransa belə Azərbaycandan Çinə kütləvi axın olacağını düşünmürəm. Azərbaycan işçilərinin ənənəvi əmək bazarı mövcuddur. Bu, postsovet məkanıdır: Rusiya, Belarus, Mərkəzi Asiya ölkələri... Son zamanlar Türkiyə də bu sahədə önə çıxıb. Yəni coğrafiyaya baxanda əmək bazarının coğrafiyası bu fondadır. Yeri gəlmişkən, son zamanlar Polşa bazarına, Polşa iqtisadiyyatına üz tutanların da sayı artır. Bütün bu amilləri nəzərə alanda vizasız gediş-gəlişin azərbaycanlıların Çinə kütləvi axınına səbəb olmayacağı aydınlaşır”.
Nailə Qasımova,
Medianews.az
Qeyd: Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq “Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi” mövzusunda hazırlanıb.