Medianews.az
Azərbaycanda seysmoloji vəziyyət necədir? - <span style=color:red>AÇIQLAMA
213 baxış

Azərbaycanda seysmoloji vəziyyət necədir? - AÇIQLAMA

“Asiya və Mərkəzi Asiya regionlarında, eləcə də qardaş Türkiyədə baş verən zəlzələlərin Azərbaycana hər hansı təsiri yoxdur. Çünki ərazilərin geoloji quruluşu fərqlidir. Eyni zamanda, burada məsafə məsələsi var. Ona görə sözügedən məkanlardakı zəlzələ ocaqları Azərbaycandakı zəlzələ ocaqlarına təsir göstərmir”. Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin elektron xidmətlər şöbəsinin müdiri Vüsalə Rafiqqızı son günlər Asiya, Mərkəzi Asiya regionlarında, həmçinin Türkiyədə baş vermiş zəlzələlərlə bağlı Medianews.az-ın sorğusunu cavablandırarkən belə deyib. O bildirib ki, dünyanın seysmik bölgələrində vaxtaşırı yeraltı təkanlar qeydə alınır, bunların bəzisi hiss olunur, bəzisi yox: “Hiss olunmayan zəlzələlər hər gün baş verir. Tək Asiya, Mərkəzi Asiya, o cümlədən Türkiyə yox, Cənubi Qafqaz, bu bölgənin bir hissəsi olan Azərbaycan da seysmik baxımdan aktiv məkandır. Ona görə Azərbaycanda da daima hiss olunmayan zəlzələlər qeydə alınır. Sadəcə olaraq beynəlxalq razılaşmaya əsasən, Respublika Seysmoloji Xidmət Mərkəzi ictimaiyyəti yalnız maqnitudası 3 bal və ya daha yuxarı olan zəlzələlər haqqında məlumatlandırır”. V.Rafiqqızı vurğulayıb ki, seysmik cəhətdən aktiv ərazilərdə zəlzələlərin qeydə alınması dağıdıcı zəlzələlərin baş verəcəyi anlamına gəlmir: “Bu baxımdan vətəndaşlarımıza əsassız, hətta deyərdim təxribatçı fikirləri ciddi qarşılamamağı tövsiyə edirik. Bir də görürsən maqnitudası 3 baldan yuxarı olan təkan qeydə alınan kimi hansısa dırnaqarası ekspertlər çıxıb car çəkirlər ki, biz bunu demişdik. Halbuki zəlzələnin dəqiq proqnozu yoxdur. Seysmik ərazi ilə bağlı uzunmüddətli, ortamüddətli proqnozlar səsləndirmək olar, amma heç bir məkanla bağlı dəqiq seysmoloji proqnoz vermək mümkün deyil”. Nailə Qasımova, Medianews.az

Bizə qoşulun