03.04.2025, 10:43
461
baxış
TURAN
Krediti olanların DİQQƏTİNƏ! – Kimlərə qadağa qoyula bilər?
Azərbaycanda əhalinin böyük hissəsi kredit götürür, lakin borcun qaytarılması çətinlik yaradır. Bəzi ölkələr problemli kreditlərə qarşı tədbirlər görərək, borcu yüksək olanların xaricə çıxışını məhdudlaşdırır.
Azərbaycanda kredit borcu olan şəxslərin xaricə çıxmasına qadağa varmı?
Mövzu ilə bağlı Medianews.az-a açıqlamasında AR Vəkillər Kollegiyasının üzvü Qaya Əliyev bildirdi ki, ümumilikdə hər hansı mülki öhdəliyin, o cümlədən kredit öhdəliyinin icra olunmaması və ya gecikdirilməsi vətəndaşın ölkədən çıxışının məhdudlaşdırılması üçün müstəqim əsas kimi çıxış edə bilməz:
“Çünki, ölkə hüdudlarından çıxış Konstitusion hüquq olan azadlıq hüququnun və sərbəst hərəkətetmə azadlığının tərkib hissəsidir. Lakin, həmin kredit öhdəliyi qanuni qüvvəyə minmiş məhkəmə aktı əsasında verilmiş icra sənədinin predmeti olduqda məcburi icra tədbiri kimi vətəndaşın ölkədən çıxışına məhdudiyyət qoyula bilər. Belə ki, “İcra haqqında” Qanunun 84-1-ci maddəsində borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılmasının əsasları və proseduru müəyyən edilmişdir. Borclu kredit öhdəliyinin icrasını özünün risk dairəsində olan səbəblərdən gecikdirdikdə kreditor, yəni fiziki şəxs, bank və ya sair kredit təşkilatı həmin kredit müqaviləsinin icrası üçün icra qeydi ala bilər və ya kreditin tutulması ilə bağlı aidiyyəti üzrə məhkəməyə müraciət edə bilər. Notarius tərəfindən icra qeydi verildikdə və ya məhkəmə tərəfindən iddia tələbinin təmin edilməsi ilə bağlı məhkəmə aktı qəbul edildikdə, həmin məhkəmə aktı qanuni qüvvəyə mindikdə, onun əsasında icra sənədi verildikdə, icra sənədini icra edən icra məmuru ilk növbədə icraata başlamaq haqqında qərar qəbul edir, borcluya könüllü icra bildirişi göndərir və tələbin könüllü icrası üçün bir qayda olaraq 10 günlük müddət müəyyən edir”.
Q.Əliyeva qeyd etdi ki, həmin müddətdə tələb borclu tərəfindən üzrsüz səbəbdən könüllü icra edilmədikdə borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər:
“Təbii ki, belə məhkəmə qərardadı da maraqlı tərəfə rəsmi qaydada təqdim edildikdən sonra 10 gün ərzində ondan şikayət verilə bilər. Qərardadı çıxarmış məhkəmə şikayətin dəlilləri ilə razılaşmadıqda onu baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərməlidir. Ümumilikdə hər bir halda borclunun ölkədən çıxışının məhdudlaşdırılması ilə bağlı təqdimatların verilməsi və belə təqdimatlara baxılarkən prosessual qənaət prinsipi gözlənilməli, könüllü icra bildirişinin və icraata başlamaq haqqında qərarın borcluya lazımi qaydada təqdim edilib-edilməməsi, borclunun həqiqətən də üzrsüz səbəbdən icra sənədinin icrasından yayınması halları aydınlaşdırılmalıdır. Belə tədbir borclunu cəzalandırmaq, öhdəliyi icra etmədiyinə görə ondan inzibati üsullarla qisas almaq məqsədi daşımamalı, tələbin icrasının təmin edilməsi üçün şərait yaratmağa yönəlməlidir. Təsadüfi deyildir ki, Avropa İnsan Haqları Məhkəməsi "Xyustov Rusiyaya qarşı" işi üzrə 11 iyul 2013-cü il tarixli qərarında da analoji mövqe öz əksini tapmışdır. Qısacası, şəxsin kredit borcunun olması, hətta onu ödəməməsi və ya gecikdirməsi hələ onun ölkədən çıxışına məhdidiyyət qoyulması üçün müstəqil əsas deyil”.
Oğuz Ayvaz
Medianews.az