Dünən haramdı, bu gün zərurət... Güc, qorxu və niyyətin dəyişən məntiqi
Tarix bəzən hadisələri xronoloji ardıcıllıqla deyil, məntiqin özünə zidd bir şəkildə qurur. Səbəb ilə nəticə yerlərini dəyişir, başlanğıc sonun içində gizlənir, son isə başlanğıcın gecikmiş izahına çevrilir. Mən belə hadisələr haqda oxuyanda həmişə eyni hissi keçirirəm: sanki səbəblər nəticələri yox, nəticələr səbəbləri doğurur.
İranın nüvə proqramı da belə məqamlardan biridir…
1960–70-ci illərdə Məhəmməd Rza Pəhləvi dövründə İran ABŞ-ın ən yaxın müttəfiqlərindən biri idi. “Sülh üçün atom” (Atoms for Peace) çərçivəsində Tehrana gətirilən texnologiya yalnız enerji vəd etmirdi. O, daha böyük bir iddianın ifadəsi idi: modern dövlət quruculuğu, rasionallığın hakimiyyəti və gələcəyin idarə oluna biləcəyi fikri. Reaktorlar tikilir, kadrlar hazırlanır, gələcəyin infrastrukturu qurulurdu. Bu, sadəcə texnologiyanın transferi deyil, düşüncə modelinin transferi idi.
Ancaq texnologiyanın özü neytraldır, onu mülki edən də, təhlükəli edən də insanın niyyətidir. Çünki texnologiyalar günahsızdır; ona günah və ya məsumluq yükləyən insan iradəsidir. Mahiyyəti dəyişməz, dəyişən onun haqqında qurulan hekayədir. Texnologiya yalnız potensialdır; onu istiqamət verən iradədir. Mənə həmişə elə gəlib ki, insan texnologiyanı idarə etdiyini düşünür, amma əslində texnologiyanın yaratdığı imkanlar insanın seçimlərini daraldır.
1979-cu ildə Ruhullah Xomeyni səhnəyə çıxanda bu xətt qırıldı. Dini rəhbər bu layihəyə qarşı çıxdı. Mövqeyi açıq idi: Nüvə silahı İslamla uzlaşmır. Bu fikir yalnız dini hökm kimi səslənmirdi. Bu, eyni zamanda, başqa bir epistemologiyanın, başqa bir legitimlik modelinin elan olunması idi.
Dini mövqedən çox siyasi bəyanat idi. Rədd edilən nüvə texnologiyaları yox, onun arxasındakı Qərb dünyası idi. Ayətullahlar bu mirasdan imtina edirdilər. Amma tarixdə “qəti rədd” deyə bir şey yoxdur. Hər rədd öz daxilində gələcək qəbulun imkanını da saxlayır – bunu tarix dəfələrlə göstərib.
Bir anlıq belə görünürdü ki, tarix bu xətti burada kəsəcək. Amma İran-İraq müharibəsi başlayanda Rəhbər başqa bir həqiqətlə üz-üzə qaldı: Məgərsə ölkəni müdafiə edən, qoruyan ideologiya deyil, gücdür.
Kimyəvi silahlarla vurulan bir ölkə üçün “haramdır” arqumenti artıq kifayət etmirdi. O anda dövlət düşüncəsi dəyişdi. Beləcə, bir vaxtlar “İslami deyil” deyə rədd edilən proqram, səssiz-sədasız geri qayıtdı, amma artıq başqa niyyətlə. Məhz bu nöqtədə aydın olur ki, nəzəri prinsiplərlə real təhlükə arasında məsafə düşündüyümüzdən daha qısadır. Dövlətin ontologiyası burada dəyişir: o, artıq ideyaların deyil, sağ qalmanın məntiqi ilə hərəkət etməyə başlayır. Və məhz bu nöqtədə zərurət ideologiyanı susdurur.
Nüvə proqramını başlayan ABŞ, ona qarşı çıxan Xomeyni olmuşdu. Onu davam etdirən isə tamamilə başqa bir siyasi məntiqdi. Nəticədə ortaya eyni texnologiya və üç fərqli niyyət çıxdı...
Bu, bizi daha çətin bir sualla üz-üzə qoyur: texnologiyanın kimə aid olduğu sualı əslində yanlış sualdır. Çünki texnologiya heç kimə aid deyil. O, yalnız müxtəlif iradələrin üzərindən keçdiyi bir xətdir. Bir nöqtədə o, modernləşmənin alətidir. Başqa bir nöqtədə o, ideoloji rəddin obyektidir. Daha sonra isə o, zərurətin diktə etdiyi seçimə çevrilir.
Bu hadisələr zəncirinə baxanda mən bir şeyi aydın görürəm: dəyişən texnologiya deyil, insanın özüdür. İndi İranın nüvə proqramı haqqında danışarkən onu “təhlükə” və ya “müdafiə vasitəsi” kimi təsnif etmək cəhdləri əslində problemi sadələşdirməkdən başqa bir şey deyil. Çünki bu proqram nə birincidir, nə də ikincisi. O, daha fundamental bir reallığın ifadəsidir:
Gücün qorxunu doğurduğu, qorxunun zərurətə çevrildiyi, zərurətin isə yenidən güc yaratdığı qapalı struktur.
Bu strukturun içində etik kateqoriyalar zəifləyir, ideoloji sərhədlər isə elastikləşir. Dünən mümkün olmayan günümüzdə qaçılmaz görünür. Bir vaxtlar “İslami deyil” deyilən şey, sabah milli zərurətə çevrilir.
Və mənə elə gəlir ki, tarix eyni hekayənin fərqli dillərdə, fərqli niyyətlərlə yenidən yazılmasından başqa bir şey deyil.
İbrahim Nəbioğlu
