Xeyli vaxtdır İsraillə İran arasında müharibənin başlanacağı barədə ehtimallar səsləndirilir. ABŞ-da Donald Tramp hakimiyyətə gələndən bu ehtimallar daha da güclənib. ABŞ-ın Yəməndə husilərə qarşı başlatdığı hərbi əməliyyatı da Tehranın proksilərini, “böyür-başını” daha da zərərsizləşdirib sonra İrana hücuma keçmək planının tərkib hissəsi kimi qiymətləndirənlər var. 2025-ci ildə İranla müharibə olacaqmı? İsrail və ABŞ İrana zərbələr endirməyə başlasa, İrandan xaricə, o cümlədən Azərbaycana doğru kütləvi qaçqın axını ola bilərmi?
Mövzu ilə bağlı Medianews.az-a danışan Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Sədrəddin Soltan bildirib ki, Yaxın Şərqdə baş verən bütün hadisələrin İrana təsiri var. Onu sözlərinə görə, HƏMAS-ın, “Hizbullah”ın zəifləməsi, Suriyada Bəşər Əsəd rejiminin süqutu İranın proksi qüvvələrinin büdrəməsi deməkdir: “Növbədə husilərdir. ABŞ prezidenti Donald Tramp husilərə qarşı əməliyyata başlamaq haqqında sərəncam imzalayıb. Bu sərəncam əsasında ABŞ qırıcıları husilərin Yəməndəki mövqelərini raket atəşinə tutur. Qarşı tərəf də Qırmızı dənizdə, Babül-məndəb boğazında, Ədən körfəzində ABŞ-nin və onun müttəfiqlərinin gəmilərinə hücumlar təşkil etməyə cəhd göstərir. Məlumatlara görə, regionda İran və ABŞ gəmiləri arasında da müəyyən insidentlər yaşanır. Bu onu göstərir ki, İranla ABŞ Qırmızı dənizdə hərbi dəniz donanması vasitəsilə müharibə aparır. Bunu Yəmən husiləri dəstəsinin və İran SEPAH-ının ABŞ-yə qarşı müharibəsi kimi də qəbul etmək olar. Bütün hallarda bu qarşıdurmanın adı ABŞ-İran müharibəsidir”.

S.Soltanın sözlərinə görə, son dövrlərin hadisələri - HƏMAS-ın İsrailə hücumu, “Hizbullahı”ın HƏMAS-ı müdafiə edərək İsrailə hücum çəkməsi, Suriya ərazisindən İsrail torpaqlarının bombardman edilməsi, Bəşər Əsəd hakimiyyəti zamanı İranın Suriya ərazisindən plasdarm kimi istifadə edərək orada müxtəlif proksi qüvvələrini yerləşdirməsi, düşərgə salması - bütün bunlar İranın regionda proksi qüvvələri vasitəsilə İsrailə və ABŞ-yə qarşı müharibə apardığından xəbər verir: “Bu müharibə indi də davam edir”.
Siyasi şərhçinin qənaətincə, İranla ABŞ arasında klassik müharibə ancaq bir halda – İranın nüvə proqramının hərbi mahiyyətli olduğu sübut olunarsa baş verə bilər: “Çünki bu sübut olunarsa, ABŞ və İsrail əvvəlcədən bəyan etdikləri kimi İranın nüvə obyektlərini bombalayacaqlar. Digər tərəfdən artıq İrana nüvə proqramı ilə bağlı bütün fəaliyyətləri dayandırmaq şərti irəli sürülüb. Bu isə o deməkdir ki, Tehran hakimiyyətinə nüvə proqramını həyata keçirməsi qadağan olunur. Çünki ABŞ başqa olmaqla Qərb İranın nüvə proqramından şübhələnir. Proqram dayanmasa, müharibə, hərbi əməliyyatlar qaçılmazdır. İranla ABŞ, yaxud İsrail klassik müharibə etmək imkanında deyillər. Çünki onların aralarında quru sərhədləri yoxdur. Onlar yalnız hərbi hava qüvvələri ilə bir-birilərinin ərazilərinə, hərbi obyektlərinə zərbə endirə bilərlər. Bunun baş verəcəyi istisna olunmur. Artıq HƏMAS, “Hizbullah” demək olar ki, sıradan çıxıb, zəifləyib. Suriyada Bəşər Əsəd rejimi devrilib. Yalnız Yəməndəki husi qüvvələri qalır. Onlar da sıradan çıxacağı halda əməliyyatlar İranın içərilərinə istiqamətlənə bilər. Bəlkə də heç güclü hərbi əməliyyatlarla yox, İranın daxilində etiraz aksiyalarına və başqa bu kimi kütləvi hadisələrə stimul verməklə, yəni odlu silahlarsız da Tehranı cilovlaya bilsinlər”.

S.Soltan vurğulayıb ki, İran Azərbaycan üçün yad ölkə deyil: “Çünki bu ölkə əhalisinin böyük hissəsi azərbaycanlıdır, yəni türklərdir. İranda baş verən istənilən mənfi hadisə həm də azərbaycanlılar üçün fəlakətdir. Belə hadisələr azərbaycanlıların həyatına, yaşayışına, sosial vəziyyətinə birbaşa təsir göstərir. Əvvəlki müharibədə, məsələn, İran-İraq müharibəsində İrandan əhalinin, o cümlədən Azərbaycan türklərinin kütləvi şəkildə köçməsi hadisəsi qeydə alınmayıb. İndi də döyüşlər başlanarsa, ola bilər, bəzi soydaşlarımız Azərbaycanda, Türkiyədə mülklər alsınlar, ora köçsünlər, yaxud sərmayələrini İrandan çıxarsınlar, amma kütləvi köçün baş verəcəyi ehtimalı azdır. Odur ki, indiki şərtlər daxilində qaçqın axını mümkün deyil. Ancaq tək hərbi, nüvə obyektlərinə deyil, eyni zamanda mülki obyektlərə, yaşayış məntəqələrinə kütləvi zərbələr edirlərsə, o zaman qaçqın axını mümkündür. Bu baxımdan təbii ki, Azərbaycan tərəfi də, Türkiyə tərəfi də soydaşlarını qəbul etməyə hazır vəziyyətdə olmalıdır. Bütün hallarda Azərbaycanın və Türkiyənin İranla bağlı istənilən varianta hazır olması gərəkdir”.
Nailə Qasımova,
Medianews.az