Medianews.az
Ukraynanın sərvətlərinə yiyələnmə sazişi - <span style=color:red>DETALLAR
265 baxış

Ukraynanın sərvətlərinə yiyələnmə sazişi - DETALLAR

“Vaşinqton və Kiyev arasında Ukraynanın təbii sərvətlərinə və infrastrukturuna çıxış verilməsi ilə bağlı razılaşmanın qaralama versiyasında konkret təhlükəsizlik təminatları yoxdur”. Medianews.az xəbər verir ki, siyasi şərhçi Elçin Alıoğlu sosial şəbəkədə belə yazıb. O bildirib: “Qaralama sənəd sazişin son versiyasıdır, lakin dəyişikliklər edilə bilər. Saziş yaxın zamanda imzalana bilər. Ukraynanın baş nazirinin müavini Olqa Stefanışina danışıqların son mərhələyə çatdığını təsdiqləyib”. E.Alıoğlunun yazdığına görə, sənədin əsas bəndləri bunları ehtiva edir: Vaşinqton və Kiyev Ukraynanın bərpası üçün İnvestisiya Fondu yaradacaq, lakin bütün maliyyə nəzarəti 100% ABŞ-da qalacaq. Fondun məqsədi Ukraynanı bərpa etmək və 2021-ci ilin sonundakı ÜDM səviyyəsinə qaytarmaqdır. Fondun gəlirləri Ukraynanın təbii ehtiyatlarından, infrastrukturundan və limanlarından əldə ediləcək. Ukrayna hökuməti gəlirin yarısını fonda ödəməli olacaq (operativ xərclər çıxıldıqdan sonra). Ukrayna hökuməti fonda 500 milyard dollar toplayana qədər ödənişlər etməlidir. ABŞ tərəfindən ayrılan ilkin yardım məbləğindən iki dəfə çox vəsait Ukrayna hökuməti tərəfindən fonda ödənməlidir. Razılaşma Ukraynada dayanıqlı sülh yaratmaq və iqtisadi stabilliyi möhkəmləndirmək məqsədini daşıyır. İdarəetmə mexanizmlərinə xüsusi diqqət yetiriləcək və gəlirlərin bölgüsü yeni layihələrə yönləndiriləcək. Sənədin son səhifəsində imzalar üçün yerlər ayrılıb – ABŞ dövlət katibi Marko Rubio və Ukraynanın xarici işlər naziri Andrey Sibiga üçün. E.Alıoğlu “Bu layihədə nə yoxdur?” sualına belə cavab verib: “Sənəddə ABŞ-ın hərbi öhdəlikləri ilə bağlı heç bir qeyd yoxdur. Təhlükəsizlik zəmanətləri Kiyev üçün əsas məsələdir. Ali Radanın spikeri Ruslan Stefançuk bildirib ki, Ukraynanın tərəfdaşlarına resurslarına çıxış verməsi konkret təhlükəsizlik təminatları ilə müşayiət olunmalıdır. Kiyev təhlükəsizlik zəmanətləri ilə bağlı əlavə maddə təklif etsə də, Ağ Ev bu variantı qəbul etməyib. ABŞ prezidentinin milli təhlükəsizlik müşaviri Maykl Uolts bildirib ki, Ukraynaya təhlükəsizlik təminatları "ayrı bir mövzudur". Ukraynanın fonda ödəməli olduğu 500 milyard dollar, ölkənin 2024-cü ildə təbii sərvətlərindən əldə etdiyi gəlirdən (1,1 milyard dollar) yüzlərlə dəfə çoxdur. İlk versiyada 500 milyard dollarlıq tələb yox idi, baxmayaraq ki, Tramp bu rəqəmi açıq şəkildə bəyan etmişdi. Bu sənəd Ukraynaya maliyyə yardımı müqabilində ölkənin iqtisadi və təbii resurslarına ABŞ-ın tam nəzarətini nəzərdə tutur, lakin hərbi təhlükəsizlik təminatları haqqında heç bir müddəa yoxdur. Bu, Kiyevin gözləntiləri ilə toqquşur və danışıqlarda ciddi fikir ayrılıqlarının olduğunu göstərir”. Toğrul Əli, Medianews.az

Bizə qoşulun