Fevralın 20-dən Bakıya qar yağır. Bu, faktiki olaraq sonuncu qış ərzində Bakıya düşən ilk qardır. Paytaxtda qışın uzun müddət qarsız keçməsi əhalinin sağlamlığına necə təsir göstərmişdi? Bunun hansısa fəsadları (tutalım, yoluxucu xəstəliklərin yayılması baxımından) var idimi? Bəs, hazırda yağan qarın Bakı əhalisinin sağlamlığına faydası varmı? İndiki qar paytaxtda yoluxucu xəstəliklərin azalmasına təkan verəcəkmi?
Mövzu ilə bağlı Medianews.az-a danşan həkim-infeksionist, tibbi elmləri dostoru, professor Sədrəddin Atakişizadə bildirib ki, soyuq fəsillər gələn kimi qrip də artmaqda davam edir. Son vaxtlar qripin epidemik yayılması halı var idi. Şaxtanın olmaması da burada rol oynayırdı. Çünki bəzi törədicilər, mikrooraqnizimlər məhz şaxtalı havada məhv olur, onların inkişafı dayanır. Bu səbəbdən də qarlı, şaxtalı havalardan sonra virus mənşəli yayğın epidemik xəstəliklərin azalması müşahidə edilir”.

Ancaq Sədrəddin Atakişizadə qeyd edib ki, hazırkı şaxtaların bu baxımdan faydası olsa da, insanlar özlərini soyuq havadan qorumalıdırlar: “Burda əsas makroorqanizmdir. Makroorqanizm immun sistemi, müqaviməti, reaktivliyi nə qədər güclü olarsa, xəstəliyə yoluxmaq qabiliyyəti bir o qədər az olar. Yağan qardan sonra şaxtaya davamsız törədicilərin əksəriyyəti məhv olacaq. Xəstəliyin azalma ehtimalı da arta bilər. Buna baxmayaraq insanlarımız özlərini soyuqdan qorumalıdırlar. Vitamin balansını daima nəzarətdə saxlamalıdırlar. Çünki qış fəslində insanların xəstələnməsinin əsas səbəbi immun sisteminin zəifləməsidir. Qışda vitaminlə zəngin qidaların qəbulunun azalması xəstələnmə hallarını çoxalda bilir”.
Nailə Qasımova,
Medianews.az