04.02.2025, 10:37
130 baxış
Lamiyə
Maraqlı araşdırma: İnsan beynində mikroplastiklərin səviyyəsi ARTIR
Yeni bir araşdırma, 1997-2024-cü illər arasında aparılan yarılmalarda beyin, qaraciyər və böyrək toxumalarında artan miqdarda mikro və nanoplastiklərin görüldüyünü ortaya qoyub.
Medianews.az “Haber global”a istinadən xəbər verir ki, mikroplastiklərin insan sağlamlığına təsiri tam bilinməsə də, araşdırmalar onların insult və infarktla əlaqəli ola biləcəyini göstərir.
Tədqiqata görə, demensiyadan əziyyət çəkən insanların beyinlərində mikroplastiklərin səviyyəsi təxminən altı dəfə yüksək olub. Bununla belə, alimlər bildiriblər ki, demans beyin toxumasının pisləşməsinə gətirib çıxarır ki, bu da mikroplastiklərin yığılmasını artıra bilər.
Tədqiqata ABŞ-nin Nyu Meksiko Universitetinin professoru rəhbərlik etmişdir. Metyu Kampen və komandası mikroplastiklərin nevroloji xəstəliklərə və ya digər sağlamlıq problemlərinə səbəb olub-olmadığını anlamaq üçün daha geniş miqyaslı tədqiqatlara ehtiyac olduğunu bildirib.
Başqa bir son araşdırma göstərib ki, vaxtından əvvəl doğulmuş körpələrin plasentalarında mikroplastiklərin miqdarı daha yüksəkdir. Siçanlar üzərində aparılan təcrübədə mikroplastiklərin beyin damarlarını bağlayaraq nevroloji zədələrə səbəb ola biləcəyi görülüb.Bununla belə, insan kapilyarlarının daha geniş olduğu və eyni təsirin olub-olmayacağı məlum deyil.
Araşdırma qrupu 2016-2024-cü illər arasında dünyasını dəyişən 52 nəfərin beyin, qaraciyər və böyrək toxumalarını analiz edib. Məlum olub ki, beyin toxumalarında mikroplastiklərin sıxlığı digər orqanlara nisbətən xeyli yüksək olub. Bundan əlavə, 2024-cü ildə ölən insanların beyin və qaraciyər toxumalarında mikroplastiklərin səviyyəsi 2016-cı illə müqayisədə əhəmiyyətli dərəcədə artıb. 1997-2013-cü illər arasında ABŞ-nin şərq sahillərində ölən insanlardan alınan beyin toxumaları da araşdırılıb və beyinlərdə mikroplastik çirklənmənin 1997-ci ildən 2024-cü ilə qədər tədricən artdığı müəyyən edilib.
Ən çox aşkar edilən plastik növü plastik torbalarda və qida qablaşdırmalarında istifadə olunan polietilen olub. Beyindəki plastik hissəciklərin əksəriyyətinin nanoölçülü qırıqlar və fraqmentlər olduğu aşkar edilib. Tədqiqat qrupu, yalnız bir orqan nümunəsinin alındığını və fərdlər arasındakı fərqlərin tam olaraq bilinmədiyini qeyd etdi. Həmçinin qeyd olunub ki, ABŞ-nin müxtəlif bölgələrindən nümunələr arasında coğrafi fərqlər də nəticələrə təsir edə bilər.
İngiltərənin Exeter Universitetindən prof. Tamara Galloway beyinlərdəki mikroplastik səviyyəsinin son 8 ildə yüzdə 50 artdığını və bunun plastik istehsal və istifadənin artması ilə paralel olduğunu bildirib. Galloway ətraf mühitdəki mikroplastik çirklənmənin azaldılması ilə insan orqanizminə daxil olan mikroplastikin miqdarının da azalacağını bildirib.
Avstraliyanın RMIT Universitetindən prof. Oliver Cons isə mikroplastiklərin insan sağlamlığına dəqiq təsirlərini anlamaq üçün getdikcə daha geniş araşdırmalara ehtiyac olduğunu vurğulayıb.
Paylaş: