Medianews.az
“Konstitusiya və Suverenlik İli” nə ilə <span style=color:red>YADDA QALACAQ? - AÇIQLAMA + FOTO
279 baxış

“Konstitusiya və Suverenlik İli” nə ilə YADDA QALACAQ? - AÇIQLAMA + FOTO

Ötən gün Prezident İlham Əliyevin imzaladığı sərəncamla 2025-ci il Azərbaycanda “Konstitusiya və Suverenlik İli” elan olunub. Sərəncamda qeyd edilib ki, müstəqil və suveren dövlətə sahib olmaq, milli-mənəvi dəyərlərə, həmrəylik, humanizm, ədalət və qanunun aliliyi prinsiplərinə əsaslanan inkişaf etmiş cəmiyyət qurmaq yüzillər boyu Azərbaycan xalqının ən böyük arzusu olub. Tarixin müxtəlif mərhələlərində kənar müdaxilələrə, məhrumiyyətlərə baxmayaraq, xalqımız milli kimliyini, mübarizə ruhunu qoruyub saxlayıb, öz ideallarına həmişə sadiq qalıb və XX əsrin sonlarında dövlət müstəqilliyini bərpa edib. Ulu Öndərin bilavasitə rəhbərliyi ilə hazırlanmış və 1995-ci il noyabrın 12-də qəbul olunmuş Azərbaycan Respublikasının ilk Konstitusiyası ölkəmizdə genişmiqyaslı qanunvericilik və institusional islahatların əsasını təşkil edib. Bu Konstitusiya dövlətimizin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunması, hüquqi, dünyəvi dövlət quruculuğu, vətəndaşlarımızın layiqli həyat səviyyəsinin, dünya ölkələri ilə dostluq və əmin-amanlıq şəraitində əməkdaşlığın təmin edilməsi kimi ali niyyətlərin həyata keçirilməsi üçün mühüm qanunvericilik bazası rolunu oynayıb. 2020-ci il sentyabrın 27-də Ermənistanın təxribatlarına cavab olaraq başlanmış Vətən müharibəsində tarixi qələbə və 2023-cü il sentyabrın 19–20-də həyata keçirilmiş uğurlu antiterror əməliyyatı nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa edilib, Azərbaycan Konstitusiyasının hüquqi qüvvəsi işğalın aradan qaldırıldığı bütün ərazilərdə bərqərar olub. Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 19 sentyabr tarixli 294 nömrəli Sərəncamına əsasən, sentyabrın 20-si Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü elan edilib. Sərəncamda qeyd olunub ki, bu gün Azərbaycan Respublikası xalqımızın milli maraqlarını rəhbər tutaraq, yeni reallıqlar şəraitində müstəqil siyasətini daha cəsarətlə, prinsipiallıqla davam etdirir, Konstitusiyanın tələblərinə və öz suveren hüquqlarına əsaslanaraq, qarşıda duran strateji hədəflərə doğru inamla irəliləyir. Ölkə başçısı Konstitusiyamızın bəyan etdiyi niyyətlərdən biri kimi ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunduğunu, 2025-ci ildə Konstitusiyamızın qəbul edilməsinin 30-cu və Vətən müharibəsində qələbəmizin 5-ci ildönümünü nəzərə alaraq, 2025-ci il Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli” elan edib. Medianews.az xəbər verir ki, Milli Məclisin deputatı Sahib Alıyev bu dövlət sənədi barədə danışarkən sərəncamda qeyd olunan fikirlərə xüsusi diqqət çəkib. Vurğulayıb ki, orada əks olunan ifadələr gəlişi gözəl sözlər deyil və Azərbaycan xalqının, vətəndaşının mənafeyinin daim qorunduğunu və qorunacağını nümayiş etdirir: “Azərbaycan Prezidenti İlham Əliyev müstəqil dövlətimizin ilk Ana Yasasının qəbulunun 30-cu və Vətən müharibəsində qələbəmizin 5-ci ildönümünü nəzərə alaraq, 2025-ci ili “Konstitusiya və Suverenlik İli” elan edib. Bununla bağlı Sərəncamdakı "Azərbaycan Respublikası xalqımızın milli maraqlarını rəhbər tutaraq, yeni reallıqlar şəraitində müstəqil siyasətini daha cəsarətlə, prinsipiallıqla davam etdirir, Konstitusiyanın tələblərinə və öz suveren hüquqlarına əsaslanaraq, qarşıda duran strateji hədəflərə doğru inamla irəliləyir" cümləsinin heç də gəlişi gözəl sözlər olmadığını, reallığı tam əks etdirdiyinı dövlət başçımıza Rusiya Prezidentinin üzrxahlıq zəngi də təsdiqləmirmi? Mənim diqqətimi çəkən telefon danışığı zamanı cənab İlham Əliyevin dekabrın 25-də Rusiyanın hava məkanında vurulan təyyarəmizin gövdəsindəki çoxsaylı dəliklərdən, "hələ havada olarkən sərnişinlərin və heyət üzvlərinin təyyarənin göyərtəsini dəlib içəri daxil olan yad hissəciklərlə yaralanmalarından" danışması, Azərbaycanın təklifi ilə bu qəzanın səbəblərinin hərtərəfli araşdırılması üçün beynəlxalq ekspertlərdən ibarət heyətin təşkil edildiyini və artıq onun fəaliyyətə başladığını vurğulamasıdır. Bu o deməkdir ki, suveren Azərbaycan dövləti prestijinin zədələnməsinə imkan verməyəcək, vətəndaşının qanını yerdə qoymayacaq və kimin nə plan qurmasından asılı olmayaraq istintaq prosesinin tam şəffaf şəkildə aparılması üçün nə gərəkirsə edəcək”. Bu əlamətdar hadisə ilə bağlı fikirlərini Medianews.az-a bölüşən təhsil araşdırmaları üzrə mütəxəssis Şəhla Aslan isə söyləyib ki, 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsinin cəmiyyətimizdə ciddi təsir yaradacaq. Onun sözlərinə görə, bu qərar, milli tarixin əsas mərhələlərini dirçəldərək, qürurumuzu və birliyimizi daha da gücləndirmək üçün önəmli bir addımdır: “Bu il gənclərimiz üçün hüquq, ədalət və suverenlik prinsiplərinin dərindən öyrənilməsi, tarixi məsuliyyətin dərk edilməsi və gələcək üçün yeni idealər yaradılması üçün yaxşı fürsət ola bilər. Digər tərəfdən, Konstitusiyamızın 30 illik yubileyi və ərazi bütövlüyümüzün tam bərpası yalnız keçmiş uğurlarımızın təntənəsi deyil, həm də gələcəyə inamlı addımlarla irəliləmək üçün möhkəm zəmin rolunu oynayır. Bu mühüm il ərzində təhsil sahəsində milli həmrəyliyin, hüquqi biliklərin və vətənpərvərlik ruhunun gücləndirilməsini prioritet kimi görür, gənclərimizin bu dəyərləri həyat fəlsəfəsinə çevirməsi üçün onların potensialını dəstəkləyəcək yeni təşəbbüslər və layihələrin həyata keçirilməsinin vacibliyinə inanıram”. Ş.Aslan deyib ki, bu təşəbbüslər yalnız gənclərimizin inkişafına töhfə verməklə kifayətlənməyəcək, həm də ölkəmizin gələcəyinin daha güclü və ədalətli bir təməl üzərində qurulmasını təmin edəcəkdir: “Hesab edirəm ki, bu yanaşma gənclərimizin cəmiyyətin inkişafında fəal iştirakını təmin etməklə yanaşı, hüquq və ədalət prinsiplərinin gələcək nəsillər üçün dayanıqlı bir təməl olaraq qorunmasına töhfə verə bilər. Gənclərimizin ölkəmizin gələcəyinə olan məsuliyyətini və fəallığını artıraraq, onların zəka və yaradıcı potensialından maksimum dərəcədə istifadə edilməsi, hər birimizin vətənimiz üçün daha güclü bir gələcək qurmaq yolundakı əsas addım olacaq”. Nailə QASIMOVA

Bizə qoşulun