Medianews.az
Ermənilərin FOBİYASI: <span style=color:red>Qərbi Azərbaycana qayıdış Ermənistana ərazi iddiasıdır? - FOTO
220 baxış

Ermənilərin FOBİYASI: Qərbi Azərbaycana qayıdış Ermənistana ərazi iddiasıdır? - FOTO

Keçmiş ədliyyə naziri Gevorq Danielyan bildirib ki, Azərbaycanın tələblərinin ən pisi azərbaycanlıların Ermənistana geri qayıtması ilə bağlıdır. Onun sözlərinə görə, bu, heç bir şəkildə məlum beynəlxalq mühacirət təcrübəsi ilə müqayisə oluna bilməz. Sabiq nazirin qənaətincə, bu, Ermənistanın tanksız topsuz təslim olması deməkdir. Maraqlıdır, Ermənistanın indiki və sabiq məmurları, rəsmi şəxsləri, siyasətçi və politoloqları Qərbi azərbaycanlıların geriyə qayıtmasını nə üçün bu formada başa düşürlər? Məgər Qərbi Azərbaycan İcması ətrafında toplaşan soydaşlarımızın Vətənə qayıtmaq, öz evində yaşamaq hüququndan istifadə etmək tələbi indiki Ermənistanın işğalı, bu ölkəyə qarşı ərazi iddiası hesab olunurmu? Mövzu ilə bağlı Medianews.az-a danışan Türkiyənin Erciyes Universitetinin professoru, ermənişünas alim Qafar Çaxmaqlı bildirib ki, Ermənistanda yalnız siyasi, ictimai xadimlər deyil, bütün analitik mərkəzlər bu məsələnin üzərinə gedir. Professorun sözlərinə görə, son zamanlar Azərbaycan türklərinin öz tarixi vətənlərinə geri dönüşü məsələsinin necə həll olunması ilə bağlı Ermənistanda ciddi müzakirələr aparılmaqdadır: “Bu, əslində Azərbaycanın tələbi deyil, zamənənin diktə etdiyi bir məsələdir. Çünki 30-35 il əvvəl öz tarixi vətənini tərk etmiş insanların öz torpaqlarına geri qayıtmaq haqqı var. Bu da BMT-nin prinsiplərinə tamamilə uyğun bir məsələdir. Çünki əhali faktorunu hər zaman BMT ortaya qoyur. İnsanların öz vətənindən çıxması kimi oraya geri dönüşünün də haqqları olduğu təsbit edilib. Bununla bağlı tarixi nümunələr də var. Ən son nümünə elə Suriyadan çıxan insanların bu günlərdə öz torpaqlarına geri dönüşüdür. Məlumdur ki, 2011-2012-ci illərdə milyonlarla suriyalı ölkədəki vətəndaş müharibəsi səbəbi ilə vətənlərini tərk etmişdilər. Onlar müxtəlif ölkələrdə, o cümlədən əksəriyyəti Türkiyədə yaşayırdı. Hazırda vətənlərinə qayıdırlar və BMT də, tərəqipərvər dünya da bunu dəstəkləyir, hətta yardım edir. Azərbaycan türklərinin də vəziyyəti təxminən buna bənzər bir şəkildə olub. Bu məsələ milli, etnik zəmində olduğuna görə daha diqqətli, həssas yanaşmanı tələb edir. Bu yanaşmanı öncə Ermənistan etməlidir. Yəni, Ermənistan bu insanların geri dönüş haqqını tanımalıdır və onların hansı şəkildə məskunlaşması məsələlərini bir dövlət olaraq həll etməlidir”. Ermənişünas alim Q.Çaxmaqlının qənaətincə Qərbi Azərbaycan İcması ilə danışıqlar bu istiqamətdə aparıla bilər: “Əvvəldə də qeyd etdiyim kimi, bu Azərbaycan dövlətinin tələbi deyil. Bu, vaxtilə həmin ərazidə yaşayan Azərbaycan türklərinin yaratdığı quruşların çərçivəsində aparıla bilər. Çünki vaxtilə indiki Ermənistanın müxtəlif ərazilərində tarixən Azərbaycan türkləri yaşayıb. Onların da ayrı-ayrı ərazilərlə bağlı icmaları var. Bu məskunlaşma məsələsi müzakirə edilməli və həllini tapmalıdır. Bunu Ermənistana qarşı ərazi iddiası hesab etmək olamaz. Yəni, Azərbaycanın belə bir fikri yoxdur. Dövlət səviyyəsində də dəfələrlə səsləndirilib ki, dünya ictimaiyyətinin, birliyinin Ermənistanı tanıdığı əraziləri Azərbaycan da tanıyır. Bu ərazilərə qarşı iddiası da yoxdur. Amma orada yaşayan əhalinin həmin bölgələrə geri dönüşü məsələsində Azərbaycan öz soydaşlarının haqqını müdafiə etməlidir. Hüquqi nöqteyi-nəzərdən mənə elə gəlir ki, burada elə bir qeyri-ciddi məsələ yoxdur. Qeyd etdiyim kimi, BMT-nin əhali ilə bağlı bütün sənədlərində bu haqq tanınır. İnsanların dədə-baba yurdlarına geri dönüşü məsələsinə dəstək ifadə olunur. Fikrimcə, ermənilərin belə müzakirələr aparıb ona maneə törətmək cəhdləri əbəsdir. Çünki 3-5 adamdan deyil, milyonlarla insanın taleyindən söhbət gedir. Bu insanlar öz tarixi torpaqlarına qayıtmaq haqlarına sahibdirlər və bu haqqı mütləq almalıdırlar. Azərbaycan dövləti də təbii ki, soydaşı hesab olunan hər bir azərbaycanlının haqqını müdaifə etməyə borcludur”. Nailə QASIMOVA

Bizə qoşulun