“TikTok” sosial şəbəkəsində müxtəlif adlar altında əyləncə yarışları təşkil etməklə əxlaqsızlığı təbliğ edən şəxslərə qarşı polis əməkdaşları tərəfindən tədbirlər görülür. Vətəndaşların narazılığına səbəb olan emin_resad” və “azerzahid6669966” adlı istifadəçilər tərəfindən “TikTok”erlərin iştirakı ilə təşkil olunan yarışmalarda baş verənlər canlı yayımlanıb.
Cəmiyyətdə birmənalı qarşılanmayan bu hərəkətlərlə bağlı aparılan araşdırmalar çərçivəsində “emin_resad” adlı “TikTok” səhifəsinin idarəçiləri - Emin Abdullayev və Rəşad qardaşları, “azerzahid6669966” adlı səhifənin idarəçisi, keçmiş teleaparıcı Azər İsmayılov (Zahid) və digərləri polis əməkdaşları tərəfindən
ötən gün saxlanılıblar.

Bu gün isə özünü şairə və “TikTok”er kimi təqdim edən
İlhamə Elşadqızı saxlanılıb. Bundan başqa, kustar üsulla kimyəvi maddələrin birləşməsindən təhlükəli partlayış yaratmaqla kütləvi paylaşımlar edən 2003-cü il təvəllüdlü
Xanlar Ziyadov da polisin həyata keçirdiyi tədbirlər zamanı həbs olunub.
Göründüyü kimi, “TikTok”da əyləncə yarışları adı altında əxlaqsızlığı, həmçinin cəmiyyətin narazılığına və hiddətinə səbəb olan digər əməlləri təbliğ edən şəxslərə qarşı polis tərəfindən tədbirlər görülür və proses davamlı olacaq. Təbii ki, biz də bu tədbirləri dəstəkləyirik. Amma, sadəcə “TikTok”erlərin həbsi qeyd edilən problemləri kökündən həll edəcəkmi?
Mövzu ilə bağlı Medianews.az-a danışan siyasi şərhçi Azər Həsrət bildirib ki, sosial media açıq müstəvidir. Onun sözlərinə görə, bu müstəvidə hər kəs ədəb və əxlaq normalarını gözləməlidir: “Sözsüz ki, bütün sosial media istifadəçilərini həbs etmək olmaz. Həbs ümumiyyətlə çıxış yolu deyil. Amma bəzi insanlar vəziyyəti o həddə çatdırırlar ki, onları həbs etməkdən başqa carə qalmır. Sözügedən kateqoriyaya aid adamlardan dünən bir qrupu saxlanılıb. Yəqin ki, onlarla gərəkli profilaktik tədbirlər görüləcək, söhbətlər aparılacaq. Onlara izah ediləcək ki, belə etməklə cəmiyyətin ədəb və əxlaqını pozmaq olmaz. Sosial media açıq bir müstəvidir. O müstəvidə hər kəs öz ədəbinə əxlaqına uyğun davranır və davranmalıdır. Amma cəmiyyətin ədəbini, əxlaqını pozacaq davranışlar sərgiləməyə heç kəsin haqqı yoxdur. Necə ki, biz bir meydanın, küçənin ortasında bir adamın əxlaqsızlığına dözümsüzlük göstəririk və göstərməliyik də. Bunu onunla əsaslandırırıq ki, bu, birgə yaşayış qaydalarına zidd davranışdır. Eləcə də sosial media platformalarındakı davranışlara münasibət bildiririk. Admlar 3-5 manat pul qazanacaqlar deyə, cəməiyyətin mənəvi dayaqlarını sarsıda bilməzlər. Əgər sarsıdırlarsa dövlət əlbəttə ki, hərəkətə keçməlidir”.

A.Həsrət deyib ki, əslində ictimai maraqları nəzərə almayan, əxlaqsızlığı təbliğ edən şəxslərə qarşı bu kimi tədbirlər xeyli gecikib: “Vaxtında tədbir görmək lazım idi. Zamanında onları çağırıb profilaktik söhbətlər aparmsq lazım idi ki, bu cür əndazəni aşmasınlar. Sosial media onun üçün deyil ki, kimlərsə öz çirkin maraqları naminə ondan istifadə edib cəmiyyətin əxlaqını pozsun. Pul qazanmaq istəyirlər? Qazansınlar! Bunun ədəbi, əxlaqlı yolları da yetərincə çoxdur. Sadəcə olaraq, bir az beyin işlətmək lazımdır. Yəni, beyin kimdə varsa onlar ədəb, əxlaq, qanunlar çərcivəsində pul da qazanırlar. Amma bunlar nə edir? Düzdür mən görməmişəm, amma oxuduğum xəbərlərdən belə başa düşürəm ki, əndazəni aşan, ədəbsiz, əxlaqsız davranışlar sərgiləyiblər. Təbii ki, bunlara qarşı sərt tədbirlər görülməli və belə adamaların sosial media hesablarını Dövlət Təhlükəsizliyi Xidməti birbaşa nəzarətə götürməlidir. Həmçinin DTX-nın bu adamların hesablarına daxil olmağa açıq girişi olmalıdır. Yəni, bütün yazışmaları, paylaşımları dövlətin nəzarətindən keçməlidir. Ya ədəb, əxlaq çərçivəsində özün-özünü idarə edəcək, azad şəkildə sosial mediadan istifadə edəcəksən, ya da bunu bacarmırsansa dövlətin müvafiq qurumları sənin başının üstündə daim nəzarət edəcək. Bu cür tərbiyəsizliyi tirajlayan adamlara bələ bir seçim verilməlidir”.
Nailə QASIMOVA