“Bilmirəm fərqindəsiniz ya yox, amma bizim məmləkətdə 45 yaşından sonra kişilər artıq yaşamır kimi bir şeydir. Məsələn həmin yaşdakı xanımlar hələ də özlərinə baxırlar, üzləri o qədər yaşlı göstərmir, əyin-başları səliqəlidir. Amma kişilər əldən gedir. Kişilərin yaxşı halda bütün dərdləri pul qazanıb ailələrinin ehtiyaclarına xərcləməkdir, pis halda isə pulu içkiyə xərcləyirlər. Həkimə, idmana, sanatoriyaya, xaricə istirahətə getməzlər. Axırda da ya infarkt olurlar, ya şəkər, ya da xərçəng”.
Medianews.az xəbər verir ki, bu barədə hüquqşünas Fərhad Mehdiyev bildirib.
O qeyd edib ki, sadəcə kasıb Azərbaycan kişiləri deyil, pulu olanlar da belə həyat tərzi sürürlər.

Hüquqşünasın sözlərinə görə, haqqında bəhs edilən kişilər özlərinə baxmazlar, əgər pulları varsa, onu övladlarına, müğənnilərə, katibələrə və sairə xərcləyərlər: “Belələri özlərinin mənfəətinə olan şeylərə pul xərcləməzlər. Halbuki həyatda düzgün yaşamaq seçimli yaşamağı tələb edir. Valideynin övlada olan borcu, övladına onu dolandıracaq təhsil verməkdir. Tay övladı evləndirmək, ona ev - maşın almaq kimi valideynin borcu yoxdur. Övlad zəhmət çəkib özü çalışıb özü alsın. Valideyn də həmin pulu sağlamlığına, idmanına, səyahətinə xərcləsin. Azərbaycanda az sayda övlad yaşlı valideyninin sağlamlığının qeydinə qalır. Ancaq valideyni xəstə düşəndən sonra əl-ayağa düşür, o da artıq gec olur. Övlad düşünmür ki, valideynim son dəfə nə vaxt böyrəyini, qara ciyərini yoxlatdırıb, nə vaxt sanatoriyaya gedib?”

F.Mehdiyev xaricdə çox olduğunu, səyahət edənlərimizin ancaq cavanlar olduğunu, yaşı ötmüş ağsaqqal azərbaycanlılara rast gəlmədiyini vurğulayıb: “Qadınları unutmuş deyiləm, yaşlı analarımız da özlərinə yaxşı baxmır. Məqsədləri yaxşı yaşamaq deyil, övladlarını evləndirib, sonra nəvələrinə baxmaqdır. Özləri yaddan çıxır. Amma kişilər qadınlardan daha zəifdir, o mənada ki qadınlar heç olmasa özlərinə baxmağı bacarır. Kişilər isə özlərinə də baxmağı bacarmırlar. Həm də kişilər qadınlardan daha çox pul qazanırlar, amma bu pulu özlərindən başqa hər şeyə xərcləyirlər. Mənim atam dünyasını dəyişəndə mənə miras qoyub, amma mən istəyərdim ki o mənə miras qoymaqdansa, indi həyatda olsun, onu yanımda görüm, varlığını hiss edim. Yanımda olmaqla o mənə daha çox dəstək olardı”.

Hüquqşünas sonda kişilərə tövsiyələrini də dilə gətirib: “Hörmətli kişilər! Özünüzə yaxşı baxın. Özünüzü qadın xidmətinə tam öyrəşdirməyin. Özünüz özünüzə baxmağı öyrənsəniz, daha dinc, daha təhlükəsiz, daha baxımlı olarsınız. Yaşlandıqca idmanla məşğul olmağı, sağlamlığınıza diqqətlə yanaşmağı, səyahət etməyi və özünüzə yaxşı baxmağı unutmayın. Vaxtı vaxtında pul qazanın və o pulu əsasən özünüzə xərcləmək üçün ayırın. Sizi xoşbəxt yaşadacaq şey həmin pulu şüurlu şəkildə xərcləməkdir. Əgər sizin də valideyniniz özünə baxmırsa, vicdansızlıq etməyin, imkan verin və onu yönləndirin ki, qocaldıqdan sonra heç olmasa bir gün görsün. Bəsdir onlar sizin üçün əziyyət çəkdilər, indi sıra sizindir, kömək edin onlar bir gün görsün”.
Nailə QASIMOVA