“İnkişaf etməkdə olan 8-lik” (Developing-8) təşkilatı 30 ilə yaxındır yaranmasına baxmayaraq, bu illər ərzində qarşısına qoyduğu məqsədə böyük ölçüdə çata bilməyib. Bunu üzv ölkələrin hər birinin inkişafında bu təşkilatın rolunun digər təşkilat və əməkdaşlıqlarla müqayisədə daha az olması, eyni zamanda üzv ölkələrin bir-biri ilə olan iqtisadi-siyasi münasibətlərinin mövcud vəziyyəti təsdiq edir”.
Medianews.az xəbər verir ki, bu barədə iqtisadçı Eldəniz Əmirov bildirib.
O qeyd edib ki, D-8-in ən böyük ölkəsi olan Türkiyənin xarici ticarət dövriyyəsi ötən il 585 milyard dollar olduğu halda, bu təşkilatın bütün üzvləri ilə ümumilikdə ticarəti 50 milyard dollara çatmayıb.

İqtisadçının qənaətincə, bir təşkilatın ən böyük dövləti öz ticarət dövriyyəsini 30 il ərzində bu qurum daxilində 10 faizdən çox artıra bilməyibsə, deməli D-8-in inkişafına mane olan problemlər var: “Təşkilat yaranarkən məqsəd həm siyasi, həm iqtisadi, texnoloji və digər aspektlərdən birgə inkişafa nail olmaq idi. Düzdür, üzv ölkələri arasında ticarət müqavilələri və gömrük tənzimləmələrini asanlaşdırmağa çalışmış, birgə inkişaf proqramları hazırlanmışdır. Amma bu təşkilata üzv ölkələrdən asılı olan və onlardan asılı olmayan bir sıra səbəblərə görə, 1997-ci ildə qoyulmuş hədəflərə də nail ola bilməyiblər. Bunlara misal olaraq, üzv ölkələrin ikitərəfli münasibətlərinin kifayət qədər yüksək olmamasını, üzv ölkələrin bu təşkilatla müqayisədə digər təşkilatlar daxilində fəaliyyətə daha çox üstünlük verməsini və digər səbəbləri göstərmək olar. Bu ölkələrdən asılı olmayan səbəblər kimi isə, daha çox qlobal təzyiqləri, beynəlxalq sanksiyaları və sairi qeyd edə bilərik”.

E.Əmirov vurğulayıb ki, hazırda qlobal geosiyasi vəziyyət bu regionda yeni zərurətlər yaratmaqdadır: “D-8-in öz hədəflərinə nail olması üçün üzv ölkələr yeni fəaliyyət planı hazırlamalı və təşkilatı ən aktiv fazaya keçirməlidir. Belə bir durumda
Azərbaycanın da bu təşkilata üzv olması, təkcə ölkəmiz üçün deyil, elə təşkilatın özü üçün də müsbət dinamika yarada bilər. Çünki Azərbaycanın getdikcə artan nüfuzu hər bir təşkilata yalnız müsbətlər gətirə bilər. Lakin Azərbaycan tərəfi də yəqin ki, tam olaraq bu təşkilata fokuslanmayacaq. Çünki bu təşkilatın perspektivləri ilə bağlı kifayət qədər risklər də mövcuddur. Buna görə də Azərbaycan digər istiqamətlərdə olan iqtisadi münasibətlərində aktivliyi qəti şəkildə azaltmadan D-8 daxilində birgə əməkdaşlığın bütün sahələrində yeni imkanlar axtarmalı və bu imkanları ölkənin mənafeyinə uyğun istifadə etməlidir”.

İqtisadçı söyləyib ki, hazırda Türkiyə istisna olmaqla, D-8 üzv olan digər 7 ölkə ilə olan ticarət dövriyyəmiz, heç 1 milyard dollar həcminə çatmır: “Daha dəqiq ifadə etsək, bu, cəmi 872 milyon dollardır. Bunların arasında elə ölkə var ki, ümumiyyətlə ticarət dövriyyəmiz heç yarım milyona da çatmır. Odur ki, bu təşkilata üzv olmaq və birgə əməkdaşlıq perspektivlərini doğru qiymətləndirmək gələcəkdə ticarət dövriyyəmizə, o cümlədən ixrac bazarlarının diversifikasiyasına və bir çox digər istiqamətlərdə müsbət təsirlər yarada bilər”.
Alpər TURAN