Medianews.az
Türkiyə ABŞ və İsrail PLANINA QARŞI: <span style=color:red>Suriya ərazisində YENİ TÜRK DÖVLƏTİ - FOTO
242 baxış

Türkiyə ABŞ və İsrail PLANINA QARŞI: Suriya ərazisində YENİ TÜRK DÖVLƏTİ - FOTO

“Suriyada baş verən son hadisələrlə bağlı orada yaşayan azlıqların vəziyyətinin  normallaşdırılması məsələsi gündəmdədir. Aparıcı dövlətlər və beynəlxalq təşkilatlar hakimiyyətə gəlməkdə olan qüvvələrdən bu azlıqlara gələcək idarəetmədə müəyyən rol verilməsini tələb edirlər. Belə azlıqlardan biri də heç şübhəsiz ki, həmişə diqqət mərkəzində olan kürdlərdir. Suriyada yaşayan kürdlər “Ərəb baharı” başlayandan müzakirə mövzusudur və ABŞ onlardan öz regional məsələlərini həll etmək üçün uzun zamandır istifadə edir”. Bu barədə Medianews.az-a açıqlamasında politoloq Əlimusa İbrahimov bildirib. O qeyd edib ki, vaxtilə Ağ Evin dəstəyi nəticəsində Suriyanın az qala üçdə bir hissəsi kürdlər üçün ayrılmışdı və onlar bu ərazidə qeyri-leqal  kürd muxtariyyəti qurmuşdular. Politoloqun qənaətincə, saylarının cəmi iki milyon yarıma yaxın olmasına baxmayaraq, kürdlərə verilən bu imtiyaz Suriya torpaqlarında yaşayan  digər millətləri, eyni zamanda Türkiyəni narazı salıb: “Suriyada yaşayan kürdlərin sayının 1,6 milyon ilə 2,5 milyon arasında olduğu təxmin edilir. Onlar ümumi Suriya əhalisinin təxminən 7-10 faizini təşkil edirlər. Suriyadakı kürd əhalisi əsasən ölkənin şimal və şimal-şərqində, Türkiyə və İraqla sərhədə yaxın ərazilərdə cəmləşib. Bir qədər də konkretləşdirsək, Suriyada kürdlərin yaşadığı əsas ərazi Əl-Həsəkə vilayətidir (Cəzirə bölgəsi). Bu bölgədə kürdlərin ən çox toplandığı şəhərlər Qamışlı və Əl-Həsəkədir. Bu ərazilər Suriyadakı kürd mədəni və siyasi həyatının mərkəzi  hesab olunur. Şimali Hələb əyalətində, Türkiyə sərhədinə yaxın ərazidə yerləşən Ayn əl-Ərəb (Kobani) isə 2014-cü ildə İŞİD-ə qarşı döyüş zamanı tanınıb. Suriyanın ucqar şimal-qərbində yerləşən Afrin tarixən böyük kürd əhalisinə malik olub. Paytaxt Dəməşqdə və onun ətraf ərazilərində də kürd əhalisi yaşayır. Hələbdə isə kürdlər şəhərin bəzi hissələrində, xüsusən də Şeyx Məqsud və Əşrəfiyə kimi məhəllələrdə yaşayırlar”. Ə.İbrahimov söyləyib ki, Suriyadakı kürd əhalisi 20-ci əsrin ortalarında bir çoxları üçün vətəndaşlıqdan imtina da daxil olmaqla, sistemli ayrı-seçkilik və marginallaşma ilə üzləşib: “Bu, sonralar, daha dəqiq desək, Suriya vətəndaş müharibəsi zamanı qismən ləğv edilib. 2011-ci ildə Suriya münaqişəsinin başlanmasından bəri PKK-nın filialları olan Demokratik Birlik Partiyası (PYD) və onun silahlı qanadı YPG kimi qrupların rəhbərlik etdiyi kürdlər Rojava kimi bölgələrdə muxtar administrasiya qurdular. Bu, Suriyanın şimal-şərqində özünü idarə edən ərazilər idi. Türkiyə bu qruplaşmalara qarşı mübarizəni PKK-ya qarşı mübarizənin tərkib hissəsi kimi görür. Çünki onların apardıqları mübarizə də sonda Türkiyəyə qarşı çevrilib”. Politoloq deyib ki, ABŞ-nin Suriyadakı kürdlərə “sevgisi” onun regiondakı strateji marağı ilə əlaqələndirilir: “Ağ Ev regionda İsrail dövlətinə oxşar yeni bir dövlətin qurulmasına ciddi-cəhdlə çalışır. Çünki Qərb dövlətləri və ABŞ-nin regionda getdikcə artan maraqlarının öhdəsindən gəlməyi İsrail bacarmır və yəhudi dövlətinin üzərinə düşən missiyanı yüngülləşdirmək üçün yeni bir dövlətə ehtiyac var. Digər tərəfdən İsrail özü də vəziyyətinin heç də yeni çağırışlara cavab verəcək halda olmadığını dərk edir. Məhz buna görə də kürdlərin regionda mövcudluğunun gücləndirilməsini istəyən ikinci dövlət məhz İsraildir. İsrail Türkiyə və İrana qarşı istifadə etmək üçün proksi qüvvəyə ciddi ehtiyac duyur”. Ə.İbrahimovun sözlərinə görə, ABŞ və İsrailin Suriyada kürd muxtariyyəti, hətta dövləti yaratmaq istiqamətində ciddi cəhdlərinə baxmayaraq, Türkiyə, həmçinin regionun digər dövlətləri bu planın əleyhinədir: “Bu ölkələr kürd qruplaşmalarını təmizləmək üçün aktiv fəaliyyət göstərirlər. Suriya hadisələrində Türkiyənin əsas rol oynaması da məhz ABŞ və İsrailin bu layihələrinin qarşısını almaq məqsədindən irəli gəlib. Son günlər ABŞ-nin yeni seçilmiş Prezidenti Donalda Trampın Suriya hadisələrində Türkiyənin və şəxsən Rəcəb Tayyib Ərdoğanın xidmətinin yüksək qiymətləndirilməsi Ankaranın yanaşmasını yaxın vaxtlarda qəbul ediləcəyinə bir işarədir. ABŞ Suriyadakı kürdlərlə bağlı siyasətinə korrektələr edəcək kimi görünür. Əks halda Suriyanın parçalanaraq bir neçə dövlətə bölünməsi qaçılmazdır. Bu dövlətlərdən biri heç şübhəsiz sayı az qala 5 milyona çatan Suriya türkmənlərinin dövləti olacaq”. Nailə QASIMOVA

Bizə qoşulun